ABŞ millət vəkilləri Erdoğana 'sərt mesaj' verdilər

Recep Tayyip Erdoğan NATO-nun may toplantısında

ABŞ-ın hər iki partiyadan olan vəzifəli millət vəkillərindən ibarət qrup Türkiyəni Rusiyadan S-400 raketdən müdafiə sistemləri almaq planından geri çəkilməyə çağırıb.

Türkiyənin NATO üzrə müttəfiqləri S-400 raket sisteminin alyansın sistemlərinə uyğun olmadığını bildirirlər.

Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin demokrat sədri Eliot Engel və komitənin respublikaçı üzvü Michael McCaul mayın 15-də açıqlanmış qətnamə bəyanatında bildiriblər ki, “Konqres prezident Erdoğanın bizim mühüm NATO müttəfiqimizi apardığı yoldan narahatdır”.

Senator McCaul bu barədə daha sonra deyib:

“Vladimir Putinlə dostlaşmaq qeyri-məqbuldur. ABŞ Konqresi Erdoğanın Rusiya istehsallı S-400 havadan və raketdən müdafiə sistemi almasına sakitcə baxa bilməyəcək. Bu qətnamə Erdoğana aydın mesaj göndərir: Əgər siz bu yolu davam etdirsəniz, çox ciddi nəticələrlə üzləşəcəksiniz”.

Buna da bax: Stoltenberg Türkiyənin planlarından ‘narahatdır’

Nümayəndələr Palatası Ədliyyə Komitəsinin demokrat sədri Jerrold Nadler isə deyib ki, “Türkiyə Vladimir Putinlə müttəfiqliyə gedən və onun öz xalqının haqlarını tapdalayan təhlükəli yolu tutmaqda israr etməməlidir”.

Birləşmiş Ştatlar bundan əvvəl dəfələrlə Türkiyə rəhbərliyini Rusiyadan raket sistemlərinin alınması planlarından geri çəkilməyə çağırıb, NATO müttəfiqləri isə S-400-lərin alyansın supermüasir F-35 qırıcılarına təhlükə olduğunu bildiriblər.

Mayın əvvəllərində ABŞ-ın müdafiə naziri əvəzi Türkiyəyə xəbərdarlıq edərək bildirmişdi ki, Ankara Rusiya raketlərini almaq fikrindən daşınmasa, alyansın F-35 qırıcı təyyarə layihəsindən çıxarıla bilər.

Türkiyə NATO üzvü kimi hazırda bu layihəyə daxildir və hətta F-35 qırıcılarından 100 ədəd almağı planlaşdırır.

F-35 Lightning II qırıcı təyyarəsi

Türkiyənin bir neçə müəssisəsi F-35 qırıcıları üçün ehtiyat və yığım hissələri istehsal edir.

Nümayəndələr Palatasında ən yüksək vəzifəli respublikaçı Kevin McCarthy deyib:

“Türkiyəyə verilən mesaj aydındır: Burada partiyalararası çox geniş bir konsensus var ki, Türkiyə S-400-ləri almaq planını davam etdirsə, F-35 proqramından xaric ediləcək”.

Konqresmen deyib ki, “burada söhbət sadəcə olaraq Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları üçün həddən artıq ağır nəticələrdən gedir”.

İcrası icbari olmayan qətnamə ABŞ hökumətini, Türkiyə S-400 sistemlərini alarsa Ankaraya“Amerikanın Düşmənlərinə qarşı Sanksiyalar” qanununun tətbiqinə çağırır.

Buna da bax: ABŞ və Türkiyə arasında S-400 və F-35 gərginliyi son həddə çatır

Nümayəndələr Palatasının Maliyyəlləşdirmələr Komissiyası mayın 13-də xərclərə dair qanun layihəsi təqdim edib. Bu qanun layihəsi - Ankara Rusiyadan S-400 alarsa, ABŞ hökumətinə F-35 təyyarələrinin Türkiyəyə “hər hansı transferini və ya verilməsini” qadağan edir.

Erdoğan bundan əvvəl Rusiyadan S-400 almaq planlarından heç vaxt geri çəkilməyəcəyini dəfələrlə bəyan edib.

O deyib ki, ümumi dəyəri 2. 5 milyard olan 4 dəst S-400 sisteminin alınması artıq həll olunmuş məsələdir.

Ankara S-400-lərin ilk dəstinin artıq bu yay ona çatdırılacağını gözləyir.

Amma kəskin tənqidlərə baxmayaraq, ABŞ millət vəkilləri Türkiyəni “uzunmüddətli müttəfiq” adlandırıblar və “NATO daxilində ABŞ-Türkiyə alyansına” güclü dəstək bildiriblər.