Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:16

Stoltenberg Türkiyənin planlarından ‘narahatdır’


Recep Tayyip Erdogan (sağda) Jens Stoltenberg ilə görüşür
Recep Tayyip Erdogan (sağda) Jens Stoltenberg ilə görüşür

NATO-nun Baş katibi Jens Stoltenberg Türkiyənin Rusiyadan raket sistemləri almaq planlarının mümkün fəsadlarından narahatlığını bildirib.

Stoltenberg mayın 6-da Ankarada Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu ilə birgə mətbuat konfransında çıxış edib.

Türkiyənin Rusiyadan S-400 raket kompleksi almaq planları Vaşinqtonla Ankara arasında fikir ayrılığına səbəb olub. Birləşmiş Ştatlar NATO müttəfiqi Türkiyənin Rusiyayla sazişi dayandırmasını tələb edir, S-400 kompleksinin NATO sistemlərinə uyğun olmadığını deyir, onları ABŞ-ın hazırladığı F-35 qırıcılarına təhdid kimi görür.

Üzvlər qərarı özləri verir, ancaq...

Stoltenberg Ankarada deyib ki, NATO-nun hər bir üzvü aldığı hərbi avadanlıqla bağlı özü qərar verir.

Mevlut Cavusoglu Jens Stoltenberg ilə görüşür
Mevlut Cavusoglu Jens Stoltenberg ilə görüşür

“Ancaq potensial fəsadlardan narahatam, çünki Birləşmiş Ştatlar Türkiyəyə sanksiya tətbiq edəcəyini deyib”, – NATO rəhbəri deyib.

Rusiya mediasına görə, razılaşma 2,5 milyard dollarlıq dörd S-400 sisteminin alınmasını nəzərdə tutur.

Mayın 6-da Stoltenberg-lə görüşən Prezident Recep Tayyip Erdogan deyib ki, “ölkəmizin suveren hüquqları daxilində olan” S-400 kimi məsələlərlə bağlı müzakirələrin açılması cəhdlərini dəstəkləmir.

Türkiyənin “digər ölkələr və regionlarla münasibətlərini inkişaf etdirməsi bir-birinə alternativ deyil”, – o, sözlərinə əlavə edib.

Tarixən Türkiyə-Rusiya münasibətləri gərgin olsa da, soyuq müharibə bitəndən Moskvayla Ankara bir-birilə güclü iqtisadi əlaqələr yaradıb.

Son illər Erdogan və Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə tərəflər xeyli yaxınlaşıb. Bu arada hər iki ölkənin Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə əlaqələrində gərginlik yaşanır.

***

S-400 sistemi
S-400 sistemi

NATO rəhbəri Türkiyədədir

NATO-nun Baş katibi Jens Stoltenberg mayın 6-da Ankaraya səfər edir. Bu səfər Türkiyənin Rusiyadan raket sistemi almaq planları üzündən alyans üzvləri ilə münasibətlərinin gərginləşdiyi dönəmdə gerçəkləşir.

Stoltenberg mayın 5-də Türkiyənin Anadolu dövlət xəbər agentliyinə deyib ki, Rusiyadan S-400 yer-hava tipli raket sisteminin alınması üzrə Türkiyə ilə Birləşmiş Ştatlar arasında “dialoqun davam etdirilməsinə” tərəfdardır.

O həmçinin “Türkiyənin ABŞ-dan Patriot raket sistemi almasının mümkünlüyü ilə bağlı danışıqların” arzuedilən olduğunu bildirib. Görünür, alyans rəhbəri Türkiyə rəhbərliyinin S-400 ilə bağlı mövqeyinə yenidən baxmasına çalışacaq.

Prezident Recep Tayyip Erdogan dəfələrlə bildirib ki, Vaşinqton və NATO-nun artan təzyiqinə baxmayaraq, Türkiyə S-400 sazişindən əl çəkməyəcək.

Vaşinqton həmçinin Türkiyənin F-35 qırıcı təyyarə proqramından çıxarılmq riskiylə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Türkiyə bu təyyarənin istehsalı konsorsiumunun üzvü və alıcısıdır.

“Hərbi tədarüklə bağlı qərarları ölkələr özləri verirlər”, – Stoltenberg agentliyin S-400 ilə bağlı sualını belə cavablandırıb.

“Ancaq əməliyyat və missiyalarımız zamanı silahlı qüvvələrimizin qarşılıqlı uyğunluğu NATO-dan ötrü vacibdir”, – o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG