ABŞ İrandan Venesuelaya gedən 4 benzin tankerini tutub (VIDEO)

ABŞ tərəfindən tutulmuş Luna tankeri

Birləşmiş Ştatlar İrandan Venesuelaya üzən dörd tanker tutub. ABŞ Ədliyyə Nazirliyi bildirir ki, bu, indiyədək İrandan müsadirə olunmuş ən böyük yanacaq yüküdür.

Nazirliyin 14 avqust tarixli bəyanatında bildirilir ki, ümumi həcmi 1.116 milyon barrel olan yükün İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlılğı müəyyənləşdirilib.

ABŞ bu təşkialtı özünün sanksiya siyahısına daxil edib.

Bəyanatda Venesuelaya çatmalı olan milyonlarla dollarlıq yükün saxlanması “böyük uğur” adlandırılır.

Ədliyyə Nazirliyi bildirir ki, yük “xarici partnyorların dəstəyi” ilə müsadirə olunub.

Buna da bax: İran təlimlərə yeraltı ballistik raketlər çıxarır

Trump: “İran bunu etməməliydi...”

ABŞ prezidenti Donald Trump avqustun 14-də deyib ki, tankerlər artıq Hyustona aparılıb.

O Ağ Evdə keçirilən brifinqdə deyib ki, “İran bunu etməməliydi”.

Xəbər verilir ki, müsadirədən əvvəl, iyulun 1-də Ədliyyə Nazirliyi Vaşinqton sahə məhkəməsinə Bella, Bering, Pandi və Luna tankerlərindəki yanacaq yükünün müsadirəsi üçün şikayət təqdim etmişdi.

Şikayətdə deyilirdi ki, yanacağın Venesuelaya satışını İİKK-yə bağlı iranlı biznesmen təşkil edib.

Bu da qeyd olunurdu ki, 2018-ci ilin sentyabrından bəri İİKK Qüds Qüvvəsi onlarca gəmi kapitanlarından, gəmilərdən və vasitəcilər şəbəkəsindən istifadə etməklə, ABŞ sanksiyalarından yan keçərək neft satıb.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, İİKK Venesuelaya neft göndərmək üçün ofşor balıqqulağı şirkətlərdən istifadə edir. Bu şirkətlər ABŞ sanksiyalarından yayınmaq üçün nefti gəmidən-gəmiyə keçirirlər.

Şikayətdə bu da deyilirdi ki, “İİKK neft satışından əldə etdiyi maliyyə ilə kütləvi qırğın silahlarının və onlardan istifadə vasitələrinin yaradılması, terrorizmə dəstək və çoxsaylı insan haqları pozuntuları da daxil rəzil əməllərini həyata keçirir”.

Buna da bax: İran Hörmüz boğazında neft tankerini ‘qısa müddətə saxlayıb’

İranın uğursuz “əvəzçıxma” əməliyyatı

Ədliyyə Nazirliyi bunu da bildirir ki, sözü gedən yanacaq tankerləri tutulan kimi, İranın hərbi donanma gəmiləri, belə görünür, itirilən malın əvəzini almaq üçün bu məsələ ilə əlaqəsi olmayan bir gəmini tutmağa uğursuz cəhd ediblər.

ABŞ-ın Mərkəzi Komandanlığı avqustun 13-də əməliyyatın videosunu yaymışdı:

ABŞ sanksiyaları Venesuela prezidenti Nicolas Maduronu ölkənin benzinə ehtiyaclarını təmin etmək üçün İran kimi müttfəqlərinə üz tutmağa məcbur edir.

Hazırda Venesuelada neft hasilatı 2008-ci ilin səviyyəsinə enib.

Bu ölkə 6 ildir ki, dərin iqtisadi böhrandadır.