ABŞ İrana yeni sanksiyalar elan edir

Mike Pompeo (solda) və Steven Mnuchin yeni sanksiyaları elan edirlər

Birləşmiş Ştatlar İranın 8 yüksək vəzifəli rəsmisinə və ölkənin poladərtimə və başqa metallurgiya müəssisələrinə yeni sanksiyalar elan edib.

ABŞ dövlət katibi Mike Pompeo və maliyyə naziri Steven Mnuchin yanvarın 10-da Vaşinqtonda keçirilən mətbuat konfransında deyiblər ki, bu sanksiyalar İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsinə cavab olaraq elan edilir.

Mnuchin deyib ki, sanksiyalar İranın “qlobal terror fəaliyyətlərinin” qarşısını almaq məqsədi güdür.

Buna da bax: Dünyanın iri hava şirkətləri İran və İraq üzərində uçuşları dayandırıblar

ABŞ-ın sanksiyalar siyahısına salınanların arasında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Shamkhani, İran silahlı qüvvələri baş qərargah rəisinin müavini Reza Ashtiani və Bəsic qüvvələrinin başçısı Gholamreza Soleimani də var.

ABŞ sanksiyaları habelə İranın 17 mədənçilik və metallurgiya şirkətini hədəfləyir.

Mnuchin deyib ki, bu sanksiyalar İran rejimini milyardlarla dollar gəlirdən məhrum edəcək.

Bəyanatda deyilir ki, yeni sanksiyalardan əlavə prezident Donald Trump İran rejiminin başqa gəlir mənbələrini bloklayan sərəncam imzalayıb.