ABŞ qüvvələri Oman körfəzində ABŞ-nin dəniz blokadasından yayınmağa çalışan İran bayraqlı gəmiyə atəş açaraq ələ keçirib. Məlumatı aprelin 19-da ABŞ prezidenti Donald Tramp və Pentaqon yayıb. İranın hərbi komandanlığı buna qəzəbli reaksiya verib, cavab tədbirləri ilə hədələyib.
Bu arada İslamabadda Pakistanın ev sahibliyi ilə ABŞ – İran danışıqlarının ikinci raundu ilə bağlı qeyri-müəyyənlik qalır. İranın dövlət mediası Tehranın aprelin 20-də keçiriləcəyi bildirilən görüşə nümayəndə heyəti göndərməyəcəyini bəyan edib.
Vaşinqton və Tehranın aprelin 7-də razılaşdırdığı ikihəftəlik atəşkəs aprelin 22-də başa çatır. Tramp İranın elektrik stansiyaları və körpülərinə bir-bir zərbə endirməklə hədələyib.
İranın təkzibi
Tramp ABŞ nümayəndə heyətinin aprelin 20-də İslamabada çatacağını deyib. Bundan sonra İranın rəsmi IRNA agentliyi xəbər verib ki, Tehran yeni sülh danışıqları raundunu rədd edib.
"İran bildirib ki, danışıqların ikinci raundunda iştirak etməməsinin səbəbi Vaşinqtonun aşırı tələbləri, qeyri-real gözləntiləri, mövqeyini davamlı dəyişməsi, təkrarlanan ziddiyyətlər və davam edən dəniz blokadasıdır. Tehran bunu atəşkəsin pozulması sayır", – IRNA yazıb.
İran hökuməti bununla bağlı rəsmi açıqlama verməyib.
Tehranın danışıqlarda əsas təmsilçisi, parlament sədri Məhəmməd Baqer Qalibaf danışıqlarla bağlı həm irəliləyiş olduğunu, həm də qalan "böyük" fikir ayrılıqlarının qaldığını bildirib, ancaq aprelin 20-si ilə bağlı birbaşa danışmayıb.
ABŞ vitse-prezidenti Cey Di Vens Pakistan və İran nümayəndələri ilə görüşdən sonra mətbuat konfransına gəlir.
Vens gedəcəkmi
ABŞ nümayəndə heyətinin tərkibi ilə bağlı da qeyri-müəyyənlik var. Ağ ev bildirib ki, vitse-prezident Cey Di Vens danışıqların yeni raunduna rəhbərlik edəcək, Trampın elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner də orada olacaq.
Tramp isə "ABC News" və "MS Now"ya deyib ki, Vens təhlükəsizlik səbəblərinə görə getməyəcək.
"Bu, yalnız təhlükəsizliklə bağlıdır. Cey Di Vens yaxşıdır", – Tramp "ABC News"a bildirib. O, danışıqların bir gün gec – aprelin 21-də başlaya biləcəyini əlavə edib.
"Fox News"un müxbirinin sözlərinə görə, Tramp ona deyib ki, əgər İran razılaşmanı imzalamasa, "bütün ölkə dağıdılacaq".
Pakistanın baş naziri Şahbaz Şərif aprelin 19-da danışıqların növbəti raunduna ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib.
İran gəmisində "dəlik açılıb"
ABŞ qüvvələrinin dəniz blokadasından yayınmağa çalışan İran bayraqlı yük gəmisinə atəş açaraq onu ələ keçirməsi gərginliyi daha da artırıb.
İran blokadanı danışıqlara əsas maneə sayır və bildirib ki, blokada qüvvədə qaldığı müddətdə danışıqlarda iştirak etməyəcək. Tramp isə blokadanın sülh sazişi imzalanadək qüvvədə qalacağını bəyan edib.
Tramp "Truth Social" platformasında yazıb ki, İranın "Touska" gəmisi dayanmaq barədə xəbərdarlıqlara məhəl qoymayıb. Bundan sonra idarə olunan raketlərlə silahlanmış "USS Spruance" esminesi "mühərrik bölməsində dəlik açaraq onları yerindəcə dayandırıb".
Tramp ABŞ dəniz piyadalarının gəmini nəzarətə götürdüyünü, göyərtəsində nə olduğunu yoxladığını yazıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İran limanına doğru üzən yük gəmisinə dəniz blokadasının tətbiq olunduğunu açıqlayıb.
İranın birgə hərbi komandanlığı isə bildirib ki, bu insident atəşkəsi pozur və "silahlı piratlığa" tezliklə cavab veriləcək.
Dövlət mediasının yazdığına görə, gəmi Çindən İrana gedirmiş. İran qüvvələrinin ABŞ-nin bir neçə hərbi gəmisinə dronlarla hücum etdiyini bildirib, amma bu məlumatı müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.
Ötən həftə Hörmüz boğazının yenidən açılacağına ümid yaranmışdı. Tehran onun kommersiya gəmiləri üçün açıq olduğunu elan etmişdi. Qlobal neft ticarətinin beşdə birinin keçdiyi boğaz bir aydan çoxdur bağlıdır. Ancaq sonradan İran qüvvələri azı iki mülki gəmiyə atəş açıb və boğazın yenidən bağlandığını elan edib. Gəmilərdən ikisinin Hindistana olduğu, birinin isə Fransa bayrağı altında üzdüyü bildirilir.