ABŞ Yaxın Şərqdə qüvvələrini artırır. 'İran bunu böyük narahatlıqla izləyir'

Hind okeanında üzən "USS George H.W. Bush" aviadaşıyıcısı.

İranla atəşkəsin zəifləməsi fonunda ABŞ Yaxın Şərqdə hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu addım Vaşinqtona iki aydır davam edən münaqişədə eskalasiya seçimini verir.

Aprelin 24-də ABŞ ordusu minlərlə elit hərbçinin yerləşdiyi üçüncü təyyarədaşıyan zərbə qrupunu regiona göndərib. Bu, 2003-cü ildə İraqın işğalından bəri regionda ən böyük hərbi qüvvə cəmləşdirilməsi hesab olunur.

Aprelin 8-dən qüvvədə olan atəşkəsə baxmayaraq, Vaşinqton və Tehran bir-birini onu pozmaqda ittiham edirlər.

ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, sülh səyləri nəticə verməsə, Amerika ordusu "hərəkətə keçməyə hazırdır".

Ekspertlərin fikrincə, ABŞ-nin regionda hərbi qüvvələrini artırmasının iki əsas məqsədi var: Tehrana güclü siyasi mesaj göndərmək və prezident Trampa İslam Respublikasına qarşı hərbi əməliyyatların miqyasını genişləndirmək üçün daha çox seçim yaratmaq.

Cenevrə Beynəlxalq Münasibətlər İnstitutundan İran üzrə ekspert Fərzan Sabet bildirib ki, bu addım ABŞ-nin təhdidlərinin etibarlılığını artırmaq və danışıqlarda rıçaqlarını gücləndirmək məqsədi daşıyır. "Eyni zamanda, əgər döyüşlər yenidən başlasa, ABŞ-nin İranı daha da zəiflətməsi və Hörmüz boğazını yenidən açması üçün daha əlverişli mövqe tutmasına xidmət edir", – o qeyd edib.

Fevralın 28-də başlayan ABŞ-İsrail birgə bombardmanları İranın hərbi infrastrukturuna və rəhbərliyinə ciddi zərbə vurub. Buna baxmayaraq, Tehran hələ də müharibədə qalib gəldiyinə inanır. İran teokratiyası Hörmüz boğazına nəzarəti yeni və güclü bir kart kimi əldə edib. Bu boğazdan qlobal neft və qaz təchizatının təxminən 20 faizi keçir.

İranın Hörmüz boğazını faktiki olaraq bağlamasına cavab olaraq ABŞ aprelin 13-dən etibarən ölkənin limanlarına və gəmilərinə qarşı dəniz blokadası tətbiq edib. Bu addım İranın onsuz da zəifləyən iqtisadiyyatına əlavə təzyiq yaradıb, lakin hələlik Tehranı ABŞ-ın şərtləri ilə sülh razılaşması imzalamağa vadar edə bilməyib.

HÖRMÜZ BOĞAZI

"Ciddi narahatlıq"

Minlərlə elit hərbçi daşıyan "USS George H.W.Bush" təyyarədaşıyan gəmisi regionda ABŞ-nin hərbi imkanlarını xeyli artırır. 80-dən çox təyyarəni dəstəkləyə bilən bu nüvə enerjisi ilə işləyən aviadaşıyıcı regiondakı üçüncü belə gəmidir. Digər iki təyyarədaşıyan "USS Abraham Lincoln" və "USS Gerald R.Ford"dur.

ABŞ son həftələr ərzində regiona minlərlə əlavə hərbçi göndərib. Ayın sonunadək minlərlə dəniz piyadası, desant qoşunları və dənizçinin də regiona gəlməsi gözlənilir.

İran rəsmiləri baş verənlərə hələlik rəsmi şərh verməyiblər. Ekspertlər isə qeyd edirlər ki, Tehran ABŞ-nin əməliyyatları bərpa etməyə hazırlaşdığına inanır.

"İran rejimi ABŞ-nin regiona davamlı hərbi qüvvə göndərməsini böyük narahatlıqla izləyir. Artan hərbi təzyiqə baxmayaraq, iranlıların amerikalılarla danışıqlara razılaşması onların özlərini nə qədər zəif hiss etdiyini göstərir", – Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Fərzin Nadimi belə deyib.

Onun sözlərinə görə, İran növbəti döyüşə hazırlaşır və ABŞ müharibəni yenidən başlatsa, bu, onlar üçün sürpriz olmayacaq.

İranın "Xatəm əl-Ənbiya" birgə hərbi komandanlığı aprelin 25-də xəbərdarlıq edib ki, əgər ABŞ blokadanı davam etdirsə, cavab veriləcək.

Son həftələr ABŞ Hərbi Dəniz Qüvvələri İran neftinin qaçaqmalçılığında şübhəli bilinən yük gəmisini və tankeri ələ keçirib. Aprelin 22-də Tehran buna cavab olaraq üç gəmiyə atəş açıb və onlardan ikisini Hörmüz boğazında ələ keçirib.

Qırmızı dənizdə Husilərin hücumuna məruz qalan "Rubymar" Britaniya yük gəmisi.

Husilərin qarşısını almaq

Döyüşlər yenidən başlasa, Yəmənin husi üsyançıları Bab əl-Məndəb boğazını bağlamağa cəhd edə bilər. Bu, Yaxın Şərqdə strateji əhəmiyyət daşıyan ikinci mühüm dəniz marşrutudur. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən 6 faizi bu dar keçiddən keçir.

Bab əl-Məndəb boğazı Qırmızı dənizə daxil olan və ya oradan çıxan gəmilər üçün əsas marşrutdur. Yəmənin sahil xəttinin böyük hissəsi isə ABŞ-nin terror təşkilatı kimi tanıdığı və İranın dəstəklədiyi husilərin nəzarəti altındadır.

Husilər aprelin 18-də boğazı bağlamaqla hədələyib və ABŞ prezidenti Donald Trampı "sülhə mane olan" bütün siyasət və addımları dayandırmağa çağırıblar.

Ekspertlərin fikrincə, husilər boğazı bağlasa, bu, qlobal enerji bazarlarında daha ciddi sarsıntılara səbəb ola bilər. Qruplaşma ötən ay İsrailə raket zərbələri endirməklə müharibəyə qoşulub.

Hərbi təhlilçilər hesab edir ki, "USS George H.W.Bush" təyyarədaşıyan qrupunun regiona göndərilməsinin əsas məqsədlərindən biri də husiləri bu strateji su yolunu bağlamaqdan çəkindirməkdir.

Hərbi və təhlükəsizlik məsələləri üzrə təhlilçi Saşa Bruxmann bildirib ki, üçüncü aviadaşıyıcı qrupun gəlməsi ilə ABŞ həm qlobal gəmiçiliyi arxayın etmək, həm də lazım gələrsə, İranla mümkün döyüşə hazır vəziyyətdə iki aviadaşıyanı saxlamaq istəyir.

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçmək üçün milyonlarla barel nefti Fars körfəzindən "Şərq-Qərb" boru kəməri vasitəsilə Qırmızı dənizə yönləndirir. Birləşmiş Ərəb Əmirlikləri isə neftini Füceyrə limanı vasitəsilə, Ərəbistan dənizi üzərindən ixrac edir.

Bruxman əlavə edib ki, üçüncü təyyarədaşıyanın göndərilməsi "Səudiyyə Ərəbistanının qərbində yerləşən neft infrastrukturuna mümkün zərbələrin və Bab əl-Məndəb boğazının bağlanmasının nəticəsiz qalmayacağını göstərmək məqsədi daşıyır".