Rusiya prezidenti Vladimir Putinin elçisi Kirill Dmitriyev deyir ki, Ukraynanın Donbasdan çıxması Kiyev üçün sülhə aparan yoldur.
Hazırda Rusiya Donbasın 90 faizinə nəzarət edir. Putin dəfələrlə bildirib ki, Ukrayna ərazinin qalanından imtina etməsə, Rusiya onu güclə tutacaq.
Ukrayna prezidenti Volodimir Zelenski isə indiyədək müharibənin başa çatması üçün Rusiyaya hər hansı ərazi güzəştini rədd edib.
"The Financial Times" qəzeti isə yanvarın 27-də səkkiz mənbəyə istinadla yazıb ki, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Donbasdan imtinanı nəzərdə tutan sülh sazişi ilə əlaqələndirir.
Qəzet bunu müharibəni bitirməyi hədəfləyən danışıqlardan agah mənbələrdən öyrəndiyini qeyd edir. Onların dediyinə görə, Tramp administrasiyası Ukraynaya bildirib ki, ABŞ-nin təhlükəsizlik zəmanətləri Kiyevin Donbas regionunun Rusiyaya verilməsini tələb edə biləcək sülh sazişinə razılaşmasından asılıdır.
Qəzetin yazdığına görə, Vaşinqton onu da bildirib ki, Kiyev şərq vilayətində nəzarətində olan bəzi hissələrdən qüvvələrini geri çəkməyə razılaşarsa, Vaşinqton Ukraynanın sülh dövründəki ordusunu gücləndirəcək daha çox silah verə bilər.
"Reuters" bu məlumatı təsdiqlədə bilməyib. Ağ ev şərh sorğusuna dərhal cavab verməyib.
Ukrayna prezidenti V.Zelenski yanvarın 25-də bildirib ki, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədi "100 faiz hazırdır", Kiyev onun imzalanması üçün vaxt və məkanı gözləyir.
Zelenski dəfələrlə vurğulayıb ki, müharibəyə son qoyacaq istənilən sülh sazişində Ukraynanın ərazi bütövlüyü nəzərdə tutulmalıdır.
"The Financial Times"a danışan yüksəkvəzifəli ukraynalı rəsmi deyib ki, Kiyev Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə sadiq qalacağına getdikcə daha çox şübhə ilə yanaşır, "ABŞ hər dəfə təhlükəsizlik zəmanətlərinin imzalana biləcəyi vaxtda dayanır".
Kiyev hər hansı ərazidən imtina etməzdən öncə zəmanətlərin təsdiqlənməsini istəyir. Amma FT yazır ki, ABŞ müharibənin bitməsi üçün Ukraynanın Donbasdan imtina etməli olduğuna inanır, Rusiya prezidenti Vladimir Putinə bu tələbdən vaz keçməsi üçün təzyiq göstərmir.
Ağ evin mətbuat katibinin müavini Anna Kelli isə qəzetə bunun doğru olmadığını deyib. ABŞ-nin mövqeyi ilə tanış bir mənbə qəzetə bildirib ki, Vaşinqton Ukraynaya hər hansı ərazi güzəştini zorla qəbul etdirməyə çalışmır. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri hər iki tərəfin sülh sazişi ilə razılaşmasından asılıdır.
Odessaya hücumun nəticələri
Rusiyanın Ukraynaya zərbələrindən dörd nəfər həlak olub
Rusiya Ukraynanın bir neçə vilayətinə zərbələr endirib, dörd nəfər həlak olub.
Odessaya irimiqyaslı dron hücumu bir nəfərin ölümünə, 23 nəfərin yaralanmasına səbəb olub. Bir neçə yaşayış binasına ziyan dəyib, böyük yanğın baş verib.
Şərqi Donetsk vilayətinin Slovyansk şəhərində 40 yaşlarında bir cütlüyün, Zaporojyeyə dron hücumunda isə 58 yaşlı bir nəfərin öldürüldüyü bildirilir.
"Odessaya qəddar dron hücumu olub", – Ukrayna prezidenti Volodimir Zelenski X-də yazıb.
Bu həftənin sonunda Ukrayna, Rusiya və ABŞ Əbu-Dabidə danışıqları bərpa etməlidir. Ötən həftəsonu keçirilən danışıqları rəsmilər "konstruktiv" adlandırsa da, döyüşlərdə səngimə görünmür.
Rusiyanın dron və raket zərbələri Ukraynada istilik və elektrik infrastrukturuna ciddi zərbə vurub.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov deyib ki, Rusiyanın yanvarın 27-nə keçən gecə zərbələri nəticəsində Xarkov və ətraf ərazilərin elektrik təchizatı 80 faiz kəsilib.
"NetBlocks" Xarkovda internetin də kəsildiyini bildirir.
Ukraynanın qərbi Lvov vilayətində infrastruktur obyektinə də ziyan dəyib.