ABŞ Rusiya neftinin satışına müvəqqəti icazə verir

Neft tankeri

ABŞ hazırda dənizdə olan Rusiya neftinin satışına müvəqqəti icazə veriləcəyini bildirib. Məqsəd ABŞ və İsrailin İrana zərbələri, Tehranın cavab hücumlarının yaratdığı qıtlığı və qiymətə təzyiqi azaltmaqdır.

Martın 12-si saat 00:01-dək gəmilərə yüklənmiş Rusiya xam nefti və neft məhsullarının satışına icazə verilib. Bu icazə 30 gün – aprelin 11-dək qüvvədə olacaq. Açıqlamanı ABŞ Maliyyə Nazirliyi yayıb.

Maliyyə naziri Skott Bessent X platformasında yazıb ki, ölkələrin hazırda dənizdə qalan Rusiya neftini almasına müvəqqəti icazə verilir.

"Bu məhdud və qısamüddətli tədbir yalnız artıq yolda olan neftə aiddir, Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək", – Bessent əlavə edib.

Bir gün öncə Enerji Departamenti ABŞ-nin strateji neft ehtiyatından 172 milyon barel neftin dövriyyəyə buraxılacağını açıqlamışdı.

ABŞ-nin Rusiyanın böyük istehsalçılarına sanksiyaları səbəbindən Rusiya nefti dənizdə gəmilərdə qalıb. Ekspertlər dünyada dənizdə 100 milyon bareldən çox Rusiya mənşəli belə neftin qaldığını deyirlər.

Rusiya prezidentinin elçisi Kirill Dmitriyev icazənin 100 milyon barelə aid olduğunu deyib.

Demokratlar və respublikaçıların bəziləri Rusiyaya sanksiyaların yumşaldılmasına qarşı çıxırlar. Tənqidçilər prezident Donald Trampın Moskvaya iltifat göstərdiyini deyirlər. Onların fikrincə, neftdən istənilən əlavə gəlir Rusiya prezidenti Vladimir Putinə Ukraynaya hücumları genişləndirməyə kömək edəcək.

Ağ ev isə Trampın Ukraynada müharibənin bitirməyi hədəfləyən danışıqlarda Rusiyaya meyllənmədiyini deyir.

Bu arada dünya birjalarında neftin qiyməti artmaqdadır. Martın 13-də "Brent" neftinin bareli 100 dolları keçib. "Qərbi Texas" neftinin bareli isə 16 sent düşərək 95.57 dollar olub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir