'ABŞ İran-Rusiya-Çin-Şimali Koreya oxunu yetərincə qiymətləndirmir'– müsahibə

Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Qələbə Günü hərbi paradından sonra Şimali Koreya hərbçilərini salamlayır.

Çin, Rusiya, İran və Şimali Koreya arasında getdikcə güclənən strateji tərəfdaşlıq ABŞ və onun müttəfiqləri üçün əsas təhlükəsizlik çağırışlarından birinə çevrilib. Təqaüddə olan kontr-admiral Mark Montqomeri həmmüəllifi olduğu "Təcavüzkarlar oxu" (Axis of Aggressors) kitabında bu dörd avtoritar dövlət arasında hərbi, texnoloji, iqtisadi və kiber sahələri əhatə edən 600-dən çox əməkdaşlıq faktını sənədləşdirib.

Montqomeri hazırda Kiber və Texnologiya İnnovasiyaları Mərkəzinin baş direktoru və Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisidir. O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, Qərb bu koordinasiyanın miqyasını və yaratdığı riskləri hələ də yetərincə qiymətləndirmir: "Biz onların koordinasiya səviyyəsini lazımınca qiymətləndirmirik, buna görə də onların birgə fəaliyyətinə verdiyimiz cavablar çox vaxt yetərli olmur. ABŞ nümunəsində bunu Ukrayna məsələsində aydın görmək olar. Ukrayna faktiki olaraq Rusiya, İran, Şimali Koreya və Çinə qarşı döyüşür. İran təkcə minlərlə "Şahed" dronu verməyib, həm də onların Rusiyada istehsalı üçün lazımi texnologiyanı ötürüb. İndi ruslar Tehranın hazırladığı bu dronları artıq özləri istehsal edirlər. Bu gün hər kəs Şimali Koreyanın göndərdiyi 12 minlik hərbi kontingentdən danışır. Amma onlar 5-6 milyon artilleriya və minaatan mərmisi də veriblər. Bu, NATO-nun son onilliklərdə istehsal etdiyindən daha çoxdur. Çin isə Rusiyanın müharibəsini dəstəkləyərək Kiyevi vuran ballistik, hipersəs və qanadlı raketlər üçün mikroelektronika təmin edir".

Ukrayna dörd ölkə ilə vuruşur

M.Montqomeri söyləyir ki, Ukrayna bu dörd ölkənin hamısına qarşı mübarizə aparmalı olur. ABŞ hətta Co Bayden administrasiyası dövründə belə, Kiyevə lazımi uzaqmənzilli silahları gec verdi, ABŞ hərbçilərini təlim məqsədilə Ukraynada göndərmədi. Prezident Donald Tramp bundan da azını edib, təhlükəsizlik yardımını Bayden dönəmi ilə müqayisədə 99 faiz azaldıb.

Ekspertin sözlərinə görə, ABŞ və İran arasındakı gərginlik fonunda analoji problem hazırda Avropada da özünü göstərir: "Avropa bu qarşıdurmaya hələ də İran və ABŞ arasında hər iki tərəfin bərabər məsuliyyət daşıdığı bir münaqişə kimi baxır. Bu, absurddur. İranın arxasında Rusiya dayanır, Çin dayanır. Keçmişdə Şimali Koreya da dayanırdı. Buna baxmayaraq, biz hələ də Avropanın İrana qarşı məsələdə bizi dəstəkləməsinə nail ola bilmirik".

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun aldığı müsahibənin tamını burada oxuyun: US Is Underestimating The Iran-Russia-China-North Korea Axis, Warns Mark Montgomery