ABŞ-da yoluxmalar son 6 ayda ən yüksək həddə

Florida, 6 avqust, 2021-ci il

Fransada avqustun 9-da restoranlara, kafelərə, qapalı əyləncə məkanlarına giriş, ölkədə təyyarə, qatar, yaxud avtobusla səyahət üçün sağlamlıq pasportu tələb olunur

Birləşmiş Ştatlarda COVID-19-un delta ştammı yoluxmaları və hospitalizasiya hallarını son altı ayda ən yüksək həddə çatdırıb.

İyulun əvvəlində vaksinasiyanın ləng getdiyi ştatlarda və dairələrdə ocaqlar yaranırdı, indi isə ölkə üzrə yoluxma artır.

Buna da bax: Oksigen çatışmazlığından 9 xəstə ölüb

65 mindən çox xəstə

Ölkənin cənub hissəsində daha çox yoluxma baş verir, Arkanzas, Florida, Luiziana və Missisipi adambaşına yoluxma sayına görə öndə gedirlər.

Artıq virus vaksinasiyanın yüksək olduğu yerlərə də nüfuz edir. Son iki həftədə yeddi günlük orta gündəlik yoluxmalar iki dəfədən çox artaraq 110 mini keçib.

Hazırda xəstəxanalara 65 mindən çox xəstə yerləşdirilib ki, bu da iyulun əvvəlindən dörd dəfədən də çoxdur. Gündəlik ölü sayı isə 500 civarındadır, son iki həftədə 100 faizədək yüksəlib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 50 ştatdan 38-ni yüksək yoluxma ərazisi kimi göstərib. Yəni, hər 100 min nəfərə 100-dən çox yoluxma düşür, yaxud pozitivlik səviyyəsi azı 10 faizdir.

Ölkədə yaşı 12-dən yuxarı olanların 60 faizi artıq tam peyvənd edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Covid- 19 peyvəndi bu xəstələrə vurulmaya bilər

Peyvənd olunanlar və uşaqlar

Yeni yoluxmalar, hospitalizasiya və ölümlərin əksəriyyəti isə peyvənd olunmayanlar arasındadır.

Peyvənd olunanların yoluxmasına dair xəbərlər gəlsə də bu halların çoxu ağırlaşma vermir.

Ölkədə bir neçə həftəyə dərslər başlayır və yeni data peyvənd olunmamış uşaqların getdikcə virus qarşısında həssas duruma düşəcəyini göstərir. Amerika Pediatriya Akademiyasının avqustun 9-da açıqladığı hesabata görə, ötən həftə yoluxmaların 94 mini uşaqlar arasında olub və bu, ümumi yoluxmaların 15 faizi deməkdir.

“Yayın əvvəlindəki səngimədən sonra uşaqlar arasında yoluxmalar iyulun əvvəlindən artıb”, – hesabatda vurğulanır.

Bu arada ABŞ-Kanada sərhədi tam vaksinlənmiş ABŞ vətəndaşlarının üzünə açılıb. Sərhəd 17 aydan artıq idi vacib sayılmayan səyahətə bağlanmışdı. Amma kanadalılara vacib olmayan səyahət üçün sərhədi keçməyə icazə verilmir.

Buna da bax: Vaksin yoluxmaları niyə dayandıra bilmir – Qərb mediası

Fransa, Çin

Fransada isə avqustun 9-da restoranlara, kafelərə, qapalı əyləncə məkanlarına giriş, ölkədə təyyarə, qatar, yaxud avtobusla səyahət üçün sağlamlıq pasportu tələb olunur.

Pasport isə COVID-19-a qarşı tam peyvənd olunmuş, xəstəlikdən təzəlikcə sağalmış, yaxud neqativ test nəticəsi göstərənlərə verilir.

Fransada 36 milyon nəfər, yaxud əhalinin 54 faizindən çoxu tam peyvəndlənib.

Rəy sorğuları fransızların çoxunun sağlamlıq pasportunu dəstəklədiyini göstərir. Amma bu addıma qarşı etirazlar da keçirilib, bəziləri azadlıqlarının pozulduğunu deyirlər.

Avqustun 9-da Çində COVID-19-a 143 yeni yoluxma qeydə alınıb. Bir gün öncə bu rəqəm 125 idi. Çin pandemiyanın ilk ayarında virusu əsasən nəzarətə almışdı. Amma son vaxtlar delta ştammı müxtəlif yerlərdə yoluxmalara səbəb olur.

Hökumətsə lokdaunlar tətbiq edir, kütləvi testlər keçirir, yoluxma yayılan yerlərdə səyahəti məhdudlaşdırır.