ABŞ-İran münaqişəsində bundan sonra nələr gözlənilir – Müsahibə

"Epik Qəzəb" əməliyyatı zamanı uçuş əməliyyatlarını izləyən ABŞ dənizçisi.

Ağ ev Hörmüz boğazından gəmiləri keçirməyə fasilə verib və İrana qarşı hərbi əməliyyatların əsas mərhələsinin başa çatdığını bildirib. Gərginlik azalırmı, yoxsa bu, növbəti mərhələdən öncə taktiki fasilədir?

AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu Corc Buş administrasiyasında prezidentin xüsusi köməkçisi olmuş Barri Pavel ilə bu suallar ətrafında söhbət edib.

B.Pavel münaqişənin sona çatdığına ümid etdiyini bildirir. Onun ehtimalına görə, prezident Donald Tramp yüksək intensivlikli hərbi əməliyyatları yenidən başlatmaq istəmir. Amma masadakı məsələlərin birdəfəlik həlli də asan görünmür.

Dövlət katibi Marko Rubio "Epik Qəzəb" əməliyyatının əsas mərhələsinin yekunlaşdığını bəyan edib. Təhlilçinin fikrincə, dövlət katibi əməliyyatın ilkin formatda başa çatdığını nəzərdə tutur: "Amma bu, hərbi əməliyyatların tamamilə dayandırılması demək deyil. Əgər İran gəmilərə hücum etsə və ya Vaşinqtonun tələblərinə əməl etməsə, ABŞ müxtəlif hərbi vasitələrə əl ata bilər".

Dünya düzəni necə dəyişir

"Bu münaqişə Yaxın Şərqdə güc balansını artıq dəyişib, yoxsa biz uzunmüddətli geosiyasi dəyişikliklərin ilkin mərhələsini müşahidə edirik" sualına cavabında B.Pavel vurğulayıb ki, baş verənlər beynəlxalq düzəndə illərlə davam edən yenidənqurma prosesinin bir hissəsidir: "5-10 il əvvəl alışdığımız dünya ilə gələcək nizam arasındakı keçid hələ bir müddət davam edəcək. Bu transformasiya bütün regionlara, böyük dövlətlər arasındakı münasibətlərə ciddi təsir göstərir. Yaxın Şərqdə artıq bu dəyişiklikləri görürük. Məsələn, BƏƏ həm raketdən müdafiə sahəsində, həm də iqtisadi-diplomatik müstəvidə ABŞ və İsraillə əməkdaşlığı dərinləşdirir, əlaqələrini daha da genişləndirir.

BƏƏ-nin OPEC-dən çıxdığını rəsmən elan etməsi Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) əvvəlki monolit birliyini sual altına qoyur. Görünən odur ki, Əbu-Dabinin bütün məsələlərdə regional konsensusu avtomatik dəstəklədiyi dövr artıq geridə qalır".

Mümkün post-müharibə ssenariləri

B.Pavel həmkarı Cef Çimmino ilə birlikdə müharibədən sonrakı dövr üçün dörd mümkün ssenari hazırlayıb. Əsasən ABŞ-Çin münasibətlərinə fokuslanan bu ssenarilərə görə, hazırda "ABŞ üstünlüyünün idarə olunan aşınması" baş verir. Vaşinqton hazırda məhdud rol oynayaraq tammiqyaslı eskalasiyadan qaçır, Çin isə nisbətən passiv mövqe sərgiləyir və İrana açıq dəstək verməkdən çəkinir.

B.Pavel Çinin gələcəkdə daha fəal rol alacağı qənaətindədir: "Ümumilikdə, mövcud durumdan heç bir tərəf daha güclü çıxmır, amma hər kəs müəyyən dərslər götürür. Çin və Rusiyanın aldığı ilk dərslərdən biri odur ki, ABŞ ordusu əməliyyat baxımından son dərəcə effektivdir – qısa müddətdə on minlərlə hədəfə zərbə endirə bilir. Bununla belə, həmin əməliyyatların siyasi nəticələri baxımından strateji məhdudiyyətlərin olduğu da aşkar görünür".

Qarşıdakı günlərdə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyinə gəlincə, təhlilçi tərəflərin hərbi əməliyyatları bərpa edib-etməyəcəyini əsas göstərici sayır: "İran artıq BƏƏ-yə raket zərbələri endirərək dağıntılar törədib; bu cür növbəti addımlar mühüm siqnallar olacaq. Bundan əlavə, ABŞ-nin gizli fəaliyyətini, danışıqların gedişatını və tərəflərin öz məqsədlərinə çatıb-çatmadıqları barədə fikirlərini də diqqətdə saxlamalıyıq... Münaqişə, başda dəniz məsələləri olmaqla, digər həllini tapmamış problemlər üzündən "dondurulmuş" hala gələ bilər".

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz: Barry Pavel: The US Strategy In Iran, And What Comes Next