İsrail ABŞ-dən asılılığı azaltmaq istəyir – Netanyahunun planı

Donald Tramp və Binyamin Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu ümid edir ki, Fars körfəzi dövlətləri ilə əlaqələrini gücləndirən ölkəsi yaxın 10 il ərzində ABŞ hərbi dəstəyindən tədricən imtina edəcək.

"ABŞ ilə aramızdakı hərbi əməkdaşlığın maliyyə komponentini sıfıra endirmək istəyirəm", – Netanyahu mayın 10-da CBS telekanalında yayımlanan "60 Minutes" proqramına müsahibəsində deyib.

Netanyahunun sözlərinə görə, İsrail hər il ABŞ-dən təxminən 3.8 milyard dollarlıq hərbi yardım alır. ABŞ 2018-2028-ci illər ərzində İsrailə ümumilikdə 38 milyard dollarlıq hərbi yardım göstərməyə razılaşıb.

Netanyahu bildirib ki, indiki vaxt ABŞ-İsrail maliyyə münasibətlərini yenidən qurmaq üçün tamamilə uyğundur: "Növbəti Konqresi gözləmək istəmirəm. İndi başlamaq istəyirəm".

ABŞ-də İsrailə dəstək niyə azalıb

İsrailə hərbi yardımın ayrılması uzun illərdir ABŞ Konqresində hər iki partiya tərəfindən yekdilliklə dəstəklənib. Amma 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan sonra həm siyasətçilər, həm də ictimaiyyət arasında dəstək zəifləyib.

2023-cü il oktyabrın 7-də ABŞ və Avropa ittifaqının (Aİ) terrorçu saydığı HƏMAS silahlı qruplaşması İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250-dən çox girov götürüb. İsrail bundan sonra Qəzzaya zərbələr endirməyə başlayıb. Bu hücumlar nəticəsində azı 70 min insanın öldürüldüyü bildirilir.

"Reuters" "Pew" Araşdırma Mərkəzinin mart sorğusuna əsasən yazır ki, amerikalıların 60 faizi İsrailə mənfi yanaşır, 59 faizi isə Netanyahunun beynəlxalq məsələlərdə düzgün qərar verdiyinə az inanır və ya heç inanmır. Hər iki rəqəm ötən illə müqayisədə 7 faiz artıb.

Netanyahu Birləşmiş Ştatlarda İsrailə olan dəstəyin zəifləməsini sosial media platformalarının həndəsi silsilə ilə böyüməsi ilə əlaqələndirib. Baş nazirin sözlərinə görə, bir sıra xarici ölkələr sosial şəbəkələrdə geniş manipulyasiyalar aparıb və bu tendensiya İsrailin imicinə ciddi zərər vurub. Lakin Netanyahu konkret olaraq hansı dövlətləri nəzərdə tutduğunu açıqlamayıb.