Aİ İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

SEPAH kursantları

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa qərar veriblər. Bu barədə Aİ xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas bildirib. "Repressiyalar cavabsız qala bilməz. Minlərlə vətəndaşını öldürən istənilən rejim öz süqutuna doğru gedir", - o, X hesabında yazıb.

İsrail Xarici İşlər Nazirliyi (XİN) qərarı alqışlayıb. "SEPAH-ın terror təşkilatı elan olunması onun Avropadakı bütün fəaliyyətini pozacaq və kriminallaşdıracaq. Bu, İran rejiminin iqtisadiyyatının böyük bir hissəsinə nəzarət edən SEPAH-a iqtisadi ziyan vuracaq. Azadlıqları uğrunda mübarizə aparan İran xalqının oğul və qızlarına mühüm siqnal göndərəcək", - İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

İranda etirazlar dekabrın 28-də başlayıb və bütün əyalətlərə yayılıb. Əvvəlcə etirazçılar iqtisadi böhranla bağlı tələblər irəli sürsələr də, sonradan hakimiyyətə qarşı şüarlar və monarxiyanın bərpasına çağırışlar səsləndirilməyə başlanıb.

Nümayişlər amansızlıqla yatırılıb. HRANA insan haqları qrupunun son məlumatına görə, yanvarın 28-nə təsdiqlənmiş ölü sayı 6 min 373 nəfərə çatıb. Onlardan 5 min 993-ü etirazçılar, 214-ü hökumət qüvvələrinin üzvləri, 53-ü isə etirazçı olmayan şəxslər/mülki vətəndaşlardır.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın elit hərbi və siyasi təşkilatıdır, birbaşa ali dini rəhbər Əli Xameneiyə tabedir. Nizamlı ordudan (Arteş) ayrıdır və hərbi, polis, kəşfiyyat, əks-kəşfiyyat funksiyalarını yerinə yetirir, iqtisadiyyat və ideoloji işlə məşğul olur.

SEPAH bundan əvvəl ABŞ, Kanada, Avstraliya və İsveçdə terror təşkilatı kimi tanınıb.

Aİ nazirləri İrana yeni sanksiyaları qəbul etdilər

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İran rəsmilərinə yeni sanksiyaların tətbiqi ilə bağlı razılaşma əldə ediblər. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsinə yardım etdiklərinə görə iranlı şəxslər və qurumlara ayrıca sanksiyalar paketini də təsdiqləyiblər.

İran rəsmilərinə sanksiyalar onların ölkədə kütləvi etirazları zorakılıqla yatırılmasındakı roluna görə tətbiq olunur.

Yanvarın 29-da aktivlərin dondurulması və viza qadağaları təsdiqlənib.

Etirazlarla bağlı İranın daxili işlər naziri İsgəndər Mömini və daha 14 yüksəkvəzifəli rəsminin adı Aİ-nin sanksiyalar siyahısına salınıb. Mömini İranın Hüquq-Mühafizə Qüvvələrinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində təhlükəsizlik bölmələrinə nəzarət edir, yüzlərlə etirazçının ölümünə görə məsul şəxs sayılır. Aİ-nin məlumatına görə, həm də baş komandanın müavini olan Mömini küçə etirazlarını yatırdan qüvvələrə rəhbərlik edib, nəticədə minlərlə insan həlak olub.

Abbas Əraqçi

İranın xarici işlər naziri Türkiyəyə gedir

İranın xarici işlər naziri Abbas Əraqçi sabah – yanvarın 30-da Türkiyəyə səfəri zamanı həmkarı Hakan Fidanla İrandakı son hadisələri, ABŞ ilə gərginliyi müzakirə edəcək. Xəbəri "Reuters" Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadla yayıb.

ABŞ prezidenti Donald Tramp İranı nüvə silahları ilə bağlı danışıqlar masasına qayıtmağa çağırıb, Vaşinqtonun növbəti hücumunun daha ağır olacağını deyib.

İranla həmsərhəd, NATO üzvü Türkiyə qonşu ölkəyə hər hansı xarici müdaxiləyə qarşı olduğunu bildirib, Vaşinqtonu İranla problemlərini "bir-bir" həll etməyə çağırıb.

Əraqçi: İran silahlı qüvvələrinin 'barmaqları tətikdədir'

İranın silahlı qüvvələrinin "barmaqları tətikdədir" və ABŞ-nin istənilən hərbi zərbəsinə güclü cavab verməyə hazırdır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 28-də deyib.

Nazirin sözlərinə, ötən il İsraillə 12 günlük münaqişədən sonra İran istənilən hücuma "daha güclü, sürətli və dərin" cavab verməyə qadirdir.

Amma Əraqçi onu da əlavə edib ki, Tehran hələ də "ədalətli, balanslı və qarşılıqlı faydalı" nüvə sazişinə açıqdır.

İranın ali dini rəhbərinin baş müşaviri Əli Şamxani də yanvarın 28-də X platformasında xəbərdarlıq edib ki, hücum baş verərsə, İslam Respublikası "dərhal, hərtərəfli və misli görünməmiş" cavab verəcək, "Təl-Əvivin ürəyini və təcavüzkarın bütün tərəfdarlarını hədəf alacaq".

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Arazın o tayından qaçqın axınına hazırdırmı?

Rubio: Etirazlar yenidən alovlanacaq

Hazırda İrana hücum planı yoxdur, amma regionda hərbi qüvvələrin artırılması "ağıllı və ehtiyatlı" addımdır. Bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici əlaqələr komitəsinin iclasında deyib.

Rubio qeyd edib ki, rejim "dəhşətli" repressiya üsullarına əl atıb və iranlı snayperlər etirazçıları öldürüb. O, İranda rejimin heç vaxt indiki kimi zəif olmadığını, etirazları tətikləmiş iqtisadi durğunluğu yoluna qoya bilmədiyini vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, etirazlar hazırda səngisə də, böyük ehtimalla yenidən alovlanacaq.

Etirazlarda öldürülənlərin sayı ilə bağlı Dövlət Departamentinin qiymətləndirməsi haqda suala cavabında Rubio "Şübhəsiz ki, minlərlədir" deyib.