ABŞ prezidenti Donald Tramp Vaşinqtonun sülh təklifinə Tehranın cavabını "tamamilə qəbuledilməz" adlandıraraq qəzəblə rədd edib. İran dövlət mediasının açıqladığı tələblərdə heç bir yumşalma müşahidə olunmur: müharibə nəticəsində dəyən ziyana görə kompensasiya və Hörmüz boğazına nəzarətin tanınması tələb olunur.
Tramp mayın 10-da "Truth Social" platformasında yazıb: "Mən indicə İranın özünü "nümayəndə" adlandıran şəxslərinin cavabını oxudum. Bunu bəyənmirəm — TAMAMİLƏ QƏBULEDİLMƏZDİR!". Prezident İrana hava zərbələrinin bərpa olunub-olunmayacağını açıqlamayıb.
"Tasnim" İranın tələblərini açıqlayıb
Bu paylaşımdan əvvəl İranın yarı-rəsmi "Tasnim" agentliyi Tehranın şərtlərini açıqlayıb. Tələblər sırasında ölkəyə qarşı uzunmüddətli sanksiyaların ləğvi, ABŞ-nin dəniz blokadasının qaldırılması və gələcəkdə hücumların olmayacağına dair zəmanətlər yer alır.
SEPAH-a yaxın "Tasnim" agentliyinin məlumatına görə, Tehran Livan da daxil olmaqla "bütün cəbhələrdə" hərbi əməliyyatların dayandırılmasını tələb edir.
Trampın rədd cavabından sonra İran dövlət mediası rejimin digər tələblərini də açıqlayıb: ABŞ-nin müharibənin vurduğu ziyana görə kompensasiya ödəməsi və Tehranın Hörmüz boğazına nəzarətinin rəsmi tanınması. Beynəlxalq ictimaiyyət isə Hörmüzlə bağlı bu mövqeyi qəbul etmir.
Ölkənin rəsmi mediası qeyd edib ki, Vaşinqtonun şərtlərinə boyun əymək İranın "aşırı tələblərə tam təslim olması" anlamına gələrdi.
Ötən həftə yayılan xəbərlərdə deyilirdi ki, ABŞ planı birsəhifəlik memorandum şəklində hazırlanıb. Sənəddə döyüşlərin dayandırılması və Hörmüz boğazının açılması nəzərdə tutulsa da, İranın uranı zənginləşdirmək hüququ kimi əsas məsələlər sonrakı mərhələyə saxlanılıb.
Donald Tramp və Co Bayden
"Artıq gülməyəcəklər"
Tramp mayın 10-da sələflərini İran siyasətinə görə sərt tənqid edib. O, sosial media postunda yazıb ki, İran 47 il ərzində "bizi aldatmaqla məşğul olub, gözlədib, yol kənarına yerləşdirdiyi bombalarla insanlarımızı öldürüb, etirazları dağıdıb, bu yaxınlarda 42 min günahsız, silahsız etirazçını məhv edib, sonra YENİDƏN BÖYÜK ölkəmizə gülüb".
"Daha gülməyəcəklər!", – o əlavə edib.
"Hələ iki həftə də orada bütün hədəfləri vura bilərik"
Tramp ictimai açıqlamalarında ikili xətt yürüdür: həm müharibənin diplomatik yolla həllinin mümkünlüyünü vurğulayır, həm də İranın enerji və elektrik infrastrukturuna yeni genişmiqyaslı hava zərbələri ilə hədələyir.
Mayın 10-da jurnalist Şeril Atkissonun yayımladığı müsahibəsində Tramp bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları hələ tam başa çatmayıb və lazım gələrsə, əlavə hədəflər vurula bilər.
İranla bağlı döyüş əməliyyatlarının başa çatıb-çatmadığı barədə suala Tramp belə cavab verib: "Xeyr, bunu mən demədim. Dedim ki, onlar məğlub ediliblər, amma bu, hər şeyin bitdiyi demək deyil. Biz hələ iki həftə də orada bütün hədəfləri vura bilərik".
Trampın sözlərinə görə, ABŞ və İsrailin zərbələri planlaşdırılan hədəflərin "təxminən 70 faizini" artıq vurub: "Vura biləcəyimiz başqa hədəflər də var. Amma hətta bunu etməsək belə, onların bərpası illər çəkəcək".
Tramp İranın zənginləşdirilmiş uran ehtiyatları barədə deyib ki, ABŞ həmin obyektləri yaxından izləyir: "Onları müşahidə altında saxlayırıq". O, ABŞ-nin kosmik müşahidə vasitələrinin həmin obyektlərin ətrafındakı fəaliyyəti yaxından izlədiyini vurğulayıb. İran zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-yə verilməsi təkliflərini dəfələrlə rədd edib.