İran daha az raket atır, amma vurma əmsalı artır. Niyə?

İranın raket hücumundan sonra İsrailin cənubunda tüstü qalxır.

Müharibənin ilk günündə İran yüzlərlə ballistik raket atır, ABŞ və İsrailin havadan müdafiə sistemlərini üstələməyə çalışırdı, amma raketlərin çoxunu vururdular.

Fevralın 28-dən Tehran daha az, yaxın- və uzaqmənzilli raketlər atır. Amma günə ortalama 20-30 raketin hədəfi vurma əmsalı artıb. Açıq mənbələrlə işləyən hərbi təhlilçilər belə deyirlər.

Niyə?

Bir səbəb budur ki, Birləşmiş Ştatlar və İsrail İranın hərbi imkanını azaldıb. Ancaq Tehranın qalan arsenalını qorumağa çalışır, hədəflərinə seçkili yanaşır, - ekspertlər belə deyirlər.

"ABŞ və İsrailin zərbələri İranın raket buraxma infrastrukturuna ciddi zərbə vurub", – bunu Vaşinqtonda yerləşən Stimson Mərkəzinin baş elmi işçisi Kelli Qrieko deyir. Onun sözlərinə görə, İran həm də məqsədli şəkildə strategiyasını dəyişdirib: "Zamanla İran daha kiçik, daha dəqiq hədəfli hücumlara keçir, xüsusilə bahalı hədəfləri seçir".

Bu hədəflərə Birləşmiş Ştatların Yaxın Şərqdəki əsas hərbi obyektləri və radar sistemləri, Amerikanın Fars körfəzindəki ərəb müttəfiqlərinin kritik neft və qaz infrastrukturu, eləcə də İsraildə sənaye və enerji obyektləri daxildir.

İran nisbətən az sayda raket buraxmaqla müharibədə əsas hədəflərinə çatmış kimi görünür – yəni cəbhəni genişləndirir, qlobal iqtisadiyyata zərbə vurur, Birləşmiş Ştatlara və onun müttəfiqlərinə də birbaşa bədəl ödətdirmiş olur.

"Çox az raketləri qalıb"

İranın nəhəng ballistik raket arsenalının məhvi bir aydan çoxdur gedən müharibənin əsas məqsədidir.

Birləşmiş Ştatlar və İsrail İranda yerüstü raket buraxılış qurğuları və ehtiyatlarına, eləcə də yeraltı raket zavodlarına zərbələr endirir.

ABŞ prezidenti Donald Tramp martın 26-da deyib ki, İranın çox az raketi qalıb.

İsrail isə bildirib ki, İranın raket buraxılış qurğularının və ehtiyatının azı 70 faizi məhv edilib.

Amma yenə də Yaxın Şərqdə hər gün hava həyəcanı verilir. İslam Respublikası günə ortalama 20-30 ballistik raket buraxır. Bunu İranın hücumlarını izləyən hərbi təhlilçilər deyirlər.

Bundan əlavə, İran hər gün onlarla ucuz, amma ölümcül dronlar da buraxır, onların da dağıdıcı təsiri olur. İran həm də getdikcə daha çox mobil raket buraxılış qurğularına üz tutur.

"Reuters"in yaydığı bir məlumat isə ABŞ və İsrailin İranın ballistik raket arsenalının məhv edildiyinə dair iddialarının əksini göstərir. Agentlik martın 17-də mənbələrinə istinadla yazıb ki, Birləşmiş Ştatlar yalnız Tehranın raket arsenalının təxminən üçdə birini məhv etdiyini əminliklə deyə bilər.

Cenevrə Beynəlxalq Münasibətlər İnstitutundan Fərzan Sabet deyir ki, İran kütləvi raket və dron istehsalına böyük investisiya yatırıb, onları ölkənin geniş və çətin relyefində yaxşıca yerləşdirib, möhkəmləndirib və gizlədib: "Görünür, Tramp administrasiyası və İsrail İranın ballistik raket və dron potensialını zəiflətməklə bağlı şişirdilmiş bəyanatlar veriblər".

İranın təkcə yaxınmənzilli ballistik raketlərinin sayının 2 mindən 8 minədək olduğu deyilir.

"ABŞ və İsrail həm də İranın yeraltı "raket şəhərləri"nin girişlərinə zərbə endirməklə onları texniki baxımdan sıradan çıxarmağa çalışır. Amma bilirik ki, İran ordusu bu raket şəhərlərinin girişlərini sürətlə açmaq üzrə təlim keçib. Bu isə onlara artıq itirilmiş sayılan raket ehtiyatları və buraxılış qurğularını bərpa etməyə imkan verir", – təhlilçi vurğulayır.

Bahalı hədəflər

Bu arada arsenalının azalmasına baxmayaraq, İranın müharibə dövründə hədəfi vurma əmsalı davamlı artır. Bunu yenə də açıq mənbələrlə işləyən hərbi təhlilçilər deyirlər.

Birləşmiş Ştatlar və onun ərəb müttəfiqləri İranın raket hücumlarının qarşısını almaq üçün tutucu-raketlərdən istifadə edirlər. "The Wall Street Journal" xəbər verir ki, İsrail ən güclü müdafiə silahlarını artıq növbə ilə işə salmağa məcbur qalır, bu isə onu İranın hücumları qarşısında daha həssas duruma salır.

"The Washington Post" yazırdı ki, ABŞ ordusu müharibədə azı 850 "Tomahawk" qanadlı raketindən istifadə edib. Halbuki hər il bu raketdən cəmi bir neçə yüz istehsal olunur. Bu isə təchizatla bağlı narahatlığı artırır.

Ekspertlər deyirlər ki, İran həm də raketlərini nə zaman, harada və hansı hədəfə atmağa daha seçkili yanaşmağa başlayıb. Yəni, o, qalan arsenalını daha "bahalı" hədəflər üçün saxlayır.

Məsələn, martın 27-də İranın raket və dronları ABŞ havadan müdafiə sistemlərini yararaq Səudiyyə Ərəbistanında "Şahzadə Sultan" hava bazasına dəyib. Azı 12 Amerika əsgəri xəsarət alıb, azı iki "KC-135" havada yanacaqdoldurma təyyarəsinə ciddi ziyan dəyib.

Martın 21-də isə İran raketləri ilk dəfə olaraq İsrailin cənubunda Arad və Dimona şəhərlərinə zərbə endirib. Onlarla adam yaralanıb. Bu şəhərlər İsrailin əsas nüvə tədqiqatı obyektinə və reaktoruna yaxın yerləşir, yüksək səviyyədə qorunur.

Stimson Mərkəzindən Qrieko deyir ki, atəşkəs, yaxud müharibədə köklü dəyişiklik olmasa, o, İranın zərbələrinin səmərəliliyinin sabit qalacağını, hətta tədricən yüksələcəyini gözləyir.

Məqaləni AzadlıqRadiosunun baş regional redaktoru Frud Bejan hazırlayıb.