Husilər İran müharibəsinə qoşularsa. Gündə 4 milyon barel neftə risk yaranar

Yəmənin paytaxtı Sənada husilərin İranla həmrəylik nümayişi.

İsrail ordusu martın 30-da bildirib ki, İran ona tərəf çoxlu raketlər atıb, Yəməndən də hücum qeydə alınıb. ABŞ və İsrailin İranla müharibəsi başlayandan ikinci dəfədir Yəməndən hücumun baş verdiyi bildirilir.

Yəməndən gələn iki dronun vurulduğu bildirilsə də, detallar açıqlanmayıb. Yəməndə İranın dəstəklədiyi husi yaraqlılar müharibəyə şənbə günü – martın 28-də qoşulublar. Bu isə Yaxın Şərq münaqişəsinin genişlənməsi deməkdir.

Husiləri Vaşinqton terrorçu təşkilat kimi tanıyıb.

İrana hücumlar davam edərsə, "birbaşa hərbi müdaxilədən ötrü barmaqlarımız tətikdədir", – qruplaşmanın sözçüsü Yəhya Səri televiziya ilə çıxışında deyib.

İran husiləri illərlə silahlandırıb, təchiz edib və maliyyələşdirib. İndiyədək münaqişədən yayınan qruplaşmanın raket hücumları Yəmən yaxınlığından Babül-Məndəb boğazının işinin pozula biləcəyi ilə bağlı narahatlıq yaradıb. Dünyada dəniz neftinin təxminən 10 faizi Süveyş kanalı ilə ötürülür. Bu boğazın bağlanması qlobal neftin tankerlərlə daşınmasına daha bir zərbə olar. İran müharibəsi başlayandan Hörmüz boğazı bağlanıb, dünyada enerjinin qiymətləri qalxıb.

Babül-Məndəb boğazı

"Səudiyyə Ərəbistanına dolayı mesajdır"

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi təhlilçilərə istinadla qeyd edir ki, bu hücumlar İsraildən çox Ər-Riyadla bağlı ola bilər. İsraildə yaşayan müdafiə məsələləri eksperti Maykl Horovits husilərin sözçüsünün çıxışını yada salır. Sözçü ABŞ və İsrailin İrana qarşı müharibəsində fəal iştirak edənlərdən danışıb.

"Məncə, bu, Körfəz ölkələrinə, xüsusilə Səudiyyə Ərəbistanına dolayı mesajdır ki, İranla müharibəyə qoşulmasınlar, yaxud ABŞ qüvvələrinə bazalarından istifadəyə icazə verməsinlər", – Horovits AzadlıqRadiosuna deyib.

Ekspertin fikrincə, husilərin müharibəyə bir ay gec qoşulması onların götür-qoy etmələri ilə bağlıdır, nəinki İranın təlimatı ilə. Onlar, ola bilsin, Səudiyyə ilə aparılan diplomatik işə risk yaratmaq istəməyiblər. Həm də İsrailin ötən il husilərin nəzarətində olan ərazilərdə mülki və iqtisadi hədəflərə zərbələri yerdə durumu onsuz da pisləşdirmişdi.

Enerji sancısı

Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Denni Sitrinoviç isə İranın ABŞ-yə qarşı iqtisadi kampaniyasının daha böyük təhdid yaratdığını deyir.

"Husilərin İsrailə qarşı zərbələrini gözardı etmək olmaz. İranın nöqteyi-nəzərindən isə, əsas məsələ onların hər iki boğazda kritik nəqliyyat marşrutlarına təhdid yaratmaq imkanını sərgiləməkdir", – o, X-də yazıb.

Husilərin Qırmızı dənizdə raketlə vurduqları "Cordelia Moon" neft tankeri.

Horovits husilərin münaqişəyə tam cəlbinin üç ssenarisindən söz açır: Qəzza müharibəsində olduğu kimi, onlar Qırmızı dənizdə blokadanı bərpa edə; Qırmızı dənizdə Səudiyyənin enerji obyektlərinə zərbələr endirə; ABŞ-nin Ərəbistan dənizindəki təyyarədaşıyan qrupunu vura bilərlər. Amma Horovits bu səylərin uğuruna şübhə etdiyini deyir.

"HFI Research" enerji bazarları üzrə tədqiqat şirkəti isə potensial ziyanla bağlı rəqəm də paylaşıb. Husilər Babül-Məndəblə bağlı addım atarlarsa, gündə Səudiyyənin 4 milyon barel xam neftinin ixracına risk yaranar.

"Süveyş kanalı sayəsində bu, Hörmüz boğazındakı kimi, pis nəticə yaratmayacaq, amma bazar bu amili o qədər də vecinə almır", – şirkət bildirir.

Sitrinoviç trayektoriyanın bir istiqamətə yönəldiyini deyir: "Münaqişənin hər günü, xüsusilə də İrana qarşı miqyası artdıqca, bu ssenarinin reallaşması ehtimalını yüksəldir. Getdikcə sual bunun baş verib-verməyəcəyi deyil, nə vaxt baş verəcəyidir".