İran qalib gəldiyini düşünür. 'Özünə böyük risk yaradır'

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Tehranda görüşöncəsi Pakistan ordusunun baş komandanı Asim Munirlə əl sıxır.

ABŞ və İsrailin bombardmanı İranın hərbi qüvvələrinə ağır zərbə vurub, rəhbərliyinin böyük hissəsini, kritik infrastrukturu məhv edib.

Ancaq Tehran həftələrlə çəkən qarşıdurmada qalib gəldiyini düşünür. İran teokratiyasının ayaqda qalması ölkədə qələbə kimi təqdim olunur. Üstəlik, Hörmüz boğazına nəzarət kimi yeni və güclü bir kozır da əldə edib.

Fevralın 28-də müharibə başlayandan İran boğazı faktiki bağlayıb. Bu addım enerji bazarlarını sarsıdıb, qlobal iqtisadiyyatı alt-üst edib, Tehrana yeni təsir imkanları verib. Dünyada neft və mayeləşdirilmiş təbii qazın 20 faizi bu boğazla daşınır.

İranın qələbəyə yanaşması münaqişədə davranışına təsir göstərib, o, böyük maddi itkilərə baxmayaraq, təslim olmaqdan imtina edib. AzadlıqRadiosunun baş regional redaktoru Frud Bejan yazır ki, bu inam özünü danışıqlar masasında da göstərir, İran müharibəni öz şərtləri ilə bitirməyə çalışır.

"Bəzi məsələlərdə İran indi müharibədən öncə olduğundan daha əlverişli vəziyyətdədir. İllərlə hədələdiyi kartı - Hörmüz boğazını bağlamağı nəhayət oynadı və bu nəticə verdi", – Yel Universitetində tədqiqatçı və müəllim Araş Əzizi belə deyir. Onun sözlərinə görə, İran göstərdi ki, qlobal ticarətə təsir edə, ABŞ-ni tərləməyə məcbur edə bilər: "Həmçinin göstərdi ki, rejimə risk yaranmadan, cəmiyyət çökmədən xarici hücumlara tab gətirir. Lakin İran həm də nəhəng iqtisadi itkilərə məruz qalıb, ölkənin yenidənqurma işləri üçün müharibənin dayandırılmasına və xarici yardıma ehtiyacı var".

"Yeni təhlükəsizlik düzəni"

Ekspertlərin fikrincə, İranın məqsədi artıq sadəcə sağ çıxmaq deyil, həm də bu təsir rıçaqları ilə beynəlxalq təcridini, onu qlobal iqtisadiyyatdan təcrid edən sanksiyaları aradan qaldırmaqdır.

Pakistanın baş naziri Şahbaz Şərif İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafı qarşılayır.

Parlament sədri Məhəmməd Baqer Qalibafın baş müşaviri Mehdi Məhəmmədi aprelin 7-də X platformasında yazıb ki, "İran müharibədə açıq şəkildə qalib gəlib" və yalnız regionda "yeni təhlükəsizlik düzəni" yaradan nəticəni qəbul edəcək.

İranın Ali Milli Təhlükəsizlik Şurası aprelin 8-də bildirib ki, ABŞ ilə sülh danışıqlarında məqsəd Yaxın Şərqdə ölkənin gücünü və liderliyini tanıyan "yeni təhlükəsizlik və siyasi tənliklər" yaratmaqdır.

"İran bu böhran anını regional nizamı yenidən formalaşdırmaq fürsəti kimi görür. Bu, onun regiona inteqrasiyasına, digər ölkələrin onu böyük regional güc kimi tanınmasına gətirib çıxara bilər. Yaxud Tehranın revizionist siyasətindən asanlıqla geri çəkilməyəcəyini göstərər", – Əzizi bildirir.

İran aprelin 11-də Pakistanda danışıqlardan öncə 10-bəndlik sülh planı dərc etdi. Bu, Tehranın mövqeyinin sərtləşdiyini göstərirdi. Danışıqlarda isə razılaşma əldə olunmadı.

Maddələrin çoxu maksimalist tələblər idi, Vaşinqton onları qəbuledilməz sayılır. İranın Hörmüz boğazına nəzarətinin tanınması, ABŞ-nin Yaxın Şərqdən on minlərlə əsgərini çıxarması, müharibə zərərlərinə görə milyardlarla dollar təzminat ödənilməsi tələblər sırasındadır.

"İran müharibəni qazandığını düşünür və danışıqlara daha inamla gedir", – Corc Vaşinqton Universitetinin professoru Sina Azodi belə deyir. Onun sözlərinə görə, İran döyüş meydanında möhkəm dayanıb, İsrailin dərinliklərində həssas hədəfləri vurub, ABŞ bazalarına və texnikasına zərər yetirib, Fars körfəzindəki ABŞ müttəfiqlərinə ciddi iqtisadi təzyiq göstərib.

"İrana elə gəlir ki, danışıqlar masasında da eyni möhkəmliyi göstərə bilər", – Azodi əlavə edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İslamabadda İranla keçirilən sülh danışıqlarından sonra "Air Force Two" təyyarəsinə minərkən ətrafdakıları salamlayır.

Aşırı inamlı davranmağın riski

Tehran və Vaşinqton aprelin 7-də ikihəftəlik müvəqqəti atəşkəsə razılaşıb. Bundan öncə ABŞ prezidenti Donald Tramp "bu gecə bütöv bir sivilizasiya məhv olacaq" xəbərdarlığını səsləndirmişdi.

Bu kövrək atəşkəsin Livanı əhatə edib-etməməsi ilə bağlı mübahisələr, İranın Hörmüz boğazını açmaması, bunun ardından ABŞ-nin boğazı blokadaya alması razılaşmaya təhdid yaradıb. Bu arada tərəflər atəşkəsi uzatmaq, İslamabadda ikinci raund danışıqlar keçirmək üçün dolayı təmasları davam etdirirlər.

Ekspertlərə görə, İran və ABŞ indiyədək danışıqlarda o qədər də çevik davranmayıb.

ABŞ nümayəndə heyətinin rəhbərlik edən vitse-prezident Cey Di Vens danışıqların iflasından sonra bildirib ki, "onlar bizim şərtlərimizi qəbul etməməyi seçdilər". Bu da onun İran tərəfinə "ya qəbul et, ya da rədd et" təklifi verdiyini göstərir.

Ekspertlərin fikrincə, zaman İranın xeyrinə işləyir, enerjinin bahalanması və daxili-beynəlxalq təzyiq Trampı müharibəni bitirməsi üçün təzyiq göstərir. Amma Tehran ABŞ-nin mövqeyini daha da sərtləşdirmək, bahalı müharibəni uzatmaq riski ilə üzləşir.

"İran aşırı inamlı davranmaqla özünə böyük risk yaradır", – Əzizi deyir. Xatırladır ki, 1979-cu il İslam inqilabından bəri İran tarixində hakimiyyətin hərbi uğurları diplomatik üstünlüyə çevirə bilmədiyi hallar çox olub.

Buna ən parlaq nümunə 1980-1988-ci illərdəki İran-İraq müharibəsidir. 1986-cı ildə İran qüvvələri İraqın Fav yarımadasını ələ keçirmişdi. Bu strateji ərazidən siyasi qazanc qarşılığında faydalanmaq əvəzinə, İran bundan imtina etdi, 1988-ci ildə daha əlverişsiz şərtlərlə atəşkəsə razılaşmağa məcbur oldu.