İranın kürd müxalifət qrupları rejimə qarşı birləşə biləcəkmi

İraqın şimalında İran separatçı Kürdüstan Azadlıq Partiyası ilə əlaqəli qadın kürd peşmərgə döyüşçüləri.

ABŞ İranın qonşusu İraqdakı kürd müxalifət qruplarını silahlandırmağı nəzərdən keçirir. Bu haqda son günlər ABŞ mediası xəbər yayıb. Bu addım İrana qarşı müharibədə yeni bir cəbhə açmaqla yanaşı, bu ölkədə vətəndaş müharibəsi riski yarada bilər.

İraqın yarımmuxtar Kürdüstan bölgəsində İranın bir neçə kürd müxalifət qrupu var və illərdir Tehrana qarşı üsyan halındadırlar. Bəziləri İranda muxtariyyət tələb edir, digərləri isə İslam Respublikasından ayrılmaq uğrunda savaşır.

ABŞ-nin İranın kürd qruplarına silah verə biləcəyi ehtimalı elə bir vaxtda gündəmə gəlir ki, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hava bombardmanı gerçəkləşdirir. Yayılan xəbərlərə görə, Vaşinqton İranın qərb hissəsində sərhədi keçməklə quru hücumlarını dəstəkləyə bilər.

Ekspertlərin fikrincə, ABŞ-nin məqsədi Tehranın hərbi resurslarını parçalamaq, dövlətin nəzarətini zəiflətmək, təxminən 90 milyon əhalisi olan çoxmillətli İranda üsyan qızışdırmaq ola bilər. AzadlıqRadiosunun baş regional redaktoru Frud Bejan bu haqda yazır.

İranın ali lideri Əli Xamenei, bir sıra yüksəkrütbəli hərbi rəhbərlər qətlə yetirilib. Amma dini rəhbərlik təslim olmayıb, ölkə üzərində nəzarəti saxlayır.

"Əsas məqsəd İslam Respublikasının ölkənin bəzi bölgələri üzərində nəzarəti itirməyə başlamasını təmin etməkdir", – İsraildə yerləşən müstəqil müdafiə eksperti Maykl Horovits belə deyir. Onun fikrincə, bir ehtimal belədir ki, bu halda digər azlıqlar və daha geniş müxalifət də ruhlana bilər: "Rejim daxilində qaçmaq, yaxud tərəf dəyişmək istəyən bəzi şəxslər də bunu vəziyyət tam nəzarətdən çıxmamış etmək zərurəti kimi görə bilərlər".

Kürdlər İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar əsasən ölkənin İraqla sərhədi boyunca, qərb bölgələrində yaşayırlar. İran ölkədəki etnik azlıqları, o cümlədən kürdləri sıxışdırmaqda, ayrıseçkiliyə məruz qoymaqda ittiham olunur.

Kürdlərin yaşadığı ərazilər

Uzunmüddətli nəticələr

İran kürd qruplarının qərbi İrana mümkün quru hücumları Tehranın hərbi resurslarına gərginliyi artıra bilər. Bunu Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi və təhlükəsizlik məsələləri üzrə təhlilçisi Saşa Bruxmann deyir.

"Kürd fraksiyaları koordinasiyalı şəkildə hücumlar həyata keçirsə, İnqilab Keşikçiləri (SEPAH) əlavə qüvvələr gətirməli olacaq. Bu halda onların Tehran, İsfahan və ya Kərəc kimi əsas şəhərlərdə mövqeləri zəifləyəcək. Koordinasiyanın çətinləşdiyi bir vaxtda az sayda əlavə qüvvəni hara göndərmək məsələsində rejimə dilemma yaranacaq", – o əlavə edib.

Ekspertlərin sözlərinə görə, ABŞ-nin İran kürd müxalifət qruplarını silahlandırmasının riskləri xeyli böyükdür.

"Vaşinqton vətəndaş müharibəsini, ölkənin parçalanmasını tətikləyə bilər. Bunun nəticələri isə uzunmüddətli ola bilər", – Horovits bildirib.

Bu qrupların çoxu əvvəllər silahlı olub, sonradan silahı yerə qoyublar.

"Onlar İrana qarşı uzunmüddətli müharibəyə girsələr və ABŞ dəstəyi sonradan yoxa çıxsa, bu, onlar üçün çox təhlükəli olacaq", – Horovitsin sözləridir.

ABŞ bu yaxınlarda Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) dəstəyi azaldıb. SDF "İslam Dövləti" ekstremist qruplaşmasına qarşı müharibədə Vaşinqtonun əsas tərəfdaşlarından biri olub.

İraqda İran Kürdüstanı Demokrat Partiyasının düşərgəsinə dron zərbəsi.

Fikir ayrılıqları

İraq Kürdüstanında yerləşən beş iranlı kürd müxalifət qrupu ABŞ-nin İrana hücum ehtimalını gözə alaraq ötən ay İslam Respublikasını devirmək, kürd muxtariyyətinə nail olmaq məqsədilə yeni siyasi koalisiya yaratdıqlarını elan edib. Koalisiyaya Kürdüstan Azadlıq Partiyası (PAK), İran Kürdüstanı Demokrat Partiyası (PDKI), Kürdüstan Azad Həyat Partiyası (PJAH), İran Kürdüstanı İnqilabi Xəbat Təşkilatı və İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Komala Təşkilatı daxildir. Koalisiyaya İran Kürdüstanı Komala Partiyası kimi bəzi iri kürd siyasi qüvvələri daxil deyil.

İran ölkə kənarında olan kürd qruplarına vaxtaşırı hərbi zərbələr endirib. Tehran bu qrupları terror təşkilatları kimi tanıyır, onları ABŞ və İsrailin maraqlarına xidmət etməkdə günahlandırır. İndi ABŞ bu qrupları silahlandırsa, həmin hücumlar daha da arta bilər.

Martın 4-də İran sərhəd yaxınlığında PAK-ın düşərgəsinə raket zərbələri endirib. Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı açıqlanıb. Bir gün öncə isə İraqın şimalında PDKI-yə məxsus bazaya dron zərbələri endirilib.

Ekspertlər deyirlər ki, İraqdakı müxtəlif iranlı kürd qruplarının dərin fikir ayrılıqlarını aradan qaldıra biləcəyi, İslam Respublikasına qarşı savaşmaq istəyi və gücünün olub-olmadığı da aydın deyil.

Bruxmannın dediyinə görə, çoxdankı mübahisələr qalır və onlar meydanda həmrəylik göstərməlidirlər: "Məsələ ABŞ-dən daha yaxşı və ya daha çox silah almaqda deyil, İran rejimi ilə mübarizə aparmaq iradəsi, aralarında hərbi hücumları koordinasiya etmək bacarığı ilə bağlıdır. Bu amil kürdlərin ABŞ və İsrailin hava kampaniyasına quru komponenti kimi daxil olub-olmayacağını müəyyən edəcək".