Əraqçi: 'Hörmüz boğazı 48 saat ərzində açıla bilər'

İranın xarici işlər naziri Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsinin şərtləri qəbul olunarsa, Hörmüz boğazı Qətərin təklif etdiyi kimi yeddi günə deyil, iki günə yenidən açıla bilər.

İranın rəsmi "Press TV" telekanalının noyabrın 1-də Əraqçiyə istinadən yaydığı xəbərə görə, rəsmi Tehran Hörmüz boğazının yenidən açılması ilə bağlı Qətərin vasitəçiliyi ilə diplomatik məsləhətləşmələri davam etdirir.

"Amerika nümayəndə heyəti ilə heç bir görüş keçirilməyib və belə bir görüş planlaşdırılmır", – deyən Əraqçi hazırda ölkəsinin təklifinin müzakirə olunduğunu əlavə edib.

İranın xarici işlər naziri yüksəkvəzifəli iranlı diplomatın danışıqları davam etdirmək üçün Qətərə getdiyini bildirib. Qətər nümayəndə heyəti isə oktyabrın 30-da Tehrana səfər edərək İran rəsmləri ilə danışıqlar aparıb. Bundan əvvəl, oktyabrın 26-da isə "Məkkə Müdafiə Alyansı"nın üç nəfərlik nümayəndə heyəti İranın təhlükəsizlik rəsmiləri ilə görüşüb.

Tramp: ABŞ İrana 'ağır zərbə' endirməli ola bilər

İran və ABŞ arasındakı müharibə artıq doqquzuncu aya keçib və tərəflərin mövqeləri hələ də bir-birinə zidd olaraq qalmaqdadır. Regional və beynəlxalq səviyyədə isə intensiv diplomatik səylər davam edir.

ABŞ prezidenti Donald Tramp bir daha İranı hava zərbələrini bərpa etməklə hədələyib. O, seçki mitinqində bildirib ki, müəyyən mərhələdə Tehrana "ağır zərbə" endirmək lazım gələ bilər.

"İranla işimi hələ bitirməməyimin yeganə səbəbi odur ki, yaxşı davranmaq istəyirəm", – Tramp noyabrın 1-də Ayova ştatında keçirilən seçki mitinqində bildirib.

Sabah – noyabrın 3-də Konqresə aralıq seçkiləri keçiriləcək.

"İmkan daxilində bütün o insanların həyatını xilas etməyə çalışıram... Amma müəyyən mərhələdə onlara ağır zərbə endirməli olacağıq", – prezident əlavə edib.

Bundan əvvəl isə İranın ali rəhbərinə aid edilən mesajda İsrail və ABŞ-yə hava zərbələrini bərpa etməmək barədə xəbərdarlıq olunub.

İran mediasının oktyabrın 31-də Müctəba Xameneiyə istinadən yaydığı məlumata görə, istənilən səviyyədə və istənilən növdə olan təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət qoyulmadan cavab verilməlidir.

Tramp Netanyahu ilə İranı müzakirə edib

ABŞ prezidenti D.Tramp İranın yenidən hücuma məruz qala biləcəyi ilə bağlı ehtimallar fonunda İsrailin baş naziri Binyamin Netanyahu ilə danışdığını bildirib.

ABŞ mediası telefon danışığı barədə məlumatı etibarlı mənbələrə istinadən yayıb. Bundan sonra Tramp noyabrın 1-də İsrail lideri ilə bir gün əvvəl apardığı söhbəti şərh edib.

Tramp əsas mövzulardan birinin İran olduğunu vurğulayaraq, "Onunla indicə çox yaxşı söhbətimiz oldu", – deyib.

"Axios" nəşri biri ABŞ-dən, digəri isə İsraildən olan iki mənbəyə istinadən yazır ki, Tramp və Netanyahu Tehranla aparılan danışıqların mövcud vəziyyətini müzakirə ediblər. Netanyahu Trampı noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana zərbələr endirməyə çağırıb.

Məlumata görə, Tramp hazırkı danışıqların davam etdirilməsinə daha çox meyl göstərib.

İsrailli mənbə "Axios"a telefon danışığının "gərgin" keçdiyini bildirib. Amerikalı mənbə isə bu söhbəti "açıq və birbaşa" adlandırıb.