İran münaqişəsinin sonunu 'daha çox dözən' gətirəcək

Donald Tramp və Müctəba Xamenei

ABŞ Mərkəzi Komandanlığı bildirir ki, Hörmüz boğazının blokadası dövründə İran limanlarından bircə gəmi də çıxa bilməyib, altı gəmi geri qaytarılıb. ABŞ blokadası, əsasən, İran limanlarına daxil olan və çıxan gəmiləri hədəf alıb.

Hörmüz boğazı getdikcə neft üçün strateji keçid nöqtəsi olmaqdan çıxır, iqtisadi təzyiq, hərbi risk və geosiyasi ambisiyaların kəsişdiyi bir məkana çevrilir. Bu isə gələcək proseslər üçün ciddi nəticələr vəd edir. Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna müsahibəsində Yaxın Şərq üzrə təcrübəli təhlilçi Əzim İbrahim deyib. O, "New Lines" Strategiya və Siyasət İnstitutunda xüsusi təşəbbüslər üzrə direktordur.

İran ağrıya dözümlüdür

Ə.İbrahim əsasən Çin gəmilərinin blokadanı yararaq keçməsinə diqqət çəkərək məhdudiyyətlərin nə dərəcədə real blokada olması barədə suallar yaratdığını vurğulayır. ABŞ-nin təzyiqlərinin real güzəştlərlə nəticələnmə ehtimalına dair sualı isə təhlilçi belə cavablandırıb: "Bu, əsas problemlərdən biridir. Bu münaqişənin taleyini daha çox ziyan vuran deyil, daha çox dözən həll edəcək. ABŞ hərbi güc baxımından üstündür, amma İran da ağrıya daha uzun müddət dözə bildiyini dəfələrlə sübut edib.

İran-İraq müharibəsi zamanı İran böyük itkilər verdi, kimyəvi hücumlara məruz qaldı, ancaq təslim olmadı. Tehran üçün bu, ölüm-dirim savaşıdır. Güzəştə getmək rejimin sonu olar.

İran liderləri Birləşmiş Ştatların Vyetnamda, Əfqanıstandakı təcrübəsini yaxşı öyrəniblər. Hər iki halda ABŞ döyüş meydanında uğur qazansa da, sonucda geri çəkilmək məcburiyyətində qalıb. Tehran inanır ki, Vaşinqtonun uzunmüddətli qarşıdurmaya səbri çatmayacaq.

Beləliklə, İran, çox güman, sonadək dözəcək. Onun siyasi sistemi onilliklər ərzində məhz belə təzyiqlərə tab gətirmək üçün qurulub".

Hörmüz boğazı

Blokada iflasa məhkumdur

Bəs, İran müqavimət göstərməyə davam edərsə, Vaşinqtonun növbəti addımı nə olacaq – təzyiqləri daha da artıracaq, yoxsa strategiyasını dəyişəcək?

A.İbrahim blokadanın iflasa uğrayacağını deyir. Onun fikrincə, xüsusilə böyük güclərin dəstəklədiyi gəmilər Hörmüz boğazını keçməyə davam edəcək. Sonucda ABŞ hansısa formada qələbəsini elan edərək geri çəkilə bilər.

"Amma bunun uzunmüddətli nəticələri ciddi ola bilər. İran Hörmüz boğazını hərbləşdirib … Bu isə Tehrana boğazdan keçidi pullu etmək imkanı yaradır", – o bildirir.

Digər yandan, sanksiyaların tətbiqində də dəyişiklik var. Sanksiya altında olan İran və Rusiya nefti təchizatı sabitləşdirmək üçün bazarlara qayıdır.

Təhlilçinin fikrincə, ən çox narahatlıq doğuran məqam isə İranın çıxara biləcəyi strateji dərsdir: "Keçmiş Ali rəhbər Əli Xamenei öldürülüb, onun nüvə silahlarına qoyduğu dini qadağa daha məcburi deyil. Tehran belə nəticəyə gələ bilər ki, gələcək münaqişələrin qarşısını almağın yeganə yolu nüvə baxımından çəkindirməkdir. Bu isə bütün beynəlxalq oyunçuların maraqlarına zidd olardı".

Əzim İbrahim

Müharibə genişlənsə...

Münaqişənin miqyası Hörmüz boğazından kənara çıxa bilərmi və prosesə yeni regional, yaxud kənar oyunçuların qoşulması ehtimalı nə qədərdir? Ə.İbrahim ABŞ-nin regiondakı bazalarının dron və raket zərbələri qarşısında getdikcə daha zəif duruma düşdüyünü deyir. O, Rusiyanın kəşfiyyat, Çinin isə maddi dəstək verdiyini əlavə edir. Üstəlik, Hörmüz boğazındakı vəziyyətdən əziyyət çəkən ölkələrin İranı deyil, məhz Vaşinqtonu ittiham edə biləcəyini vurğulayır: "ABŞ dünyada ən böyük neft istehsalçısıdır. Körfəz enerjisindən asılı ölkələrə təsiri isə böyükdür. Çoxları artıq Tehranla müstəqil diplomatik kanallara əl atır".

A.İbrahim Çin və Rusiyanın bu vəziyyətdən faydalandığını qeyd edir. Onlar ABŞ-nin Yaxın Şərqdə daha bir bahalı və mürəkkəb münaqişəyə qarışdığını görürlər.

"Xüsusilə Çin üçün strateji imkanlar yaranır. Nəzəri baxımdan, hətta Tayvanın blokadaya alınması belə qlobal təzyiqi kəskin dəyişə bilər, xüsusi də Tayvanın yarımkeçirici istehsalındakı mərkəzi rolunu nəzərə alsaq", – o vurğulayır.

Uğurlu nəticə ehtimalı varmı

Bəs, necə bir uğurlu bir nəticə əldə oluna bilər? A.İbrahimin fikrincə, ən yaxşı ssenari danışıqlar yolu ilə əldə edilən razılaşmadır. İran nüvə silahı ambisiyalarından əl çəkir, beynəlxalq təftişlərə icazə verir, qarşılığında isə sanksiyalar yüngülləşdirilir.

"Lakin bu ssenariyə getdikcə daha az ehtimal verirəm. Tehranın mövqeyi belədir ki, hətta razılaşmaya əməl etmək davamlı təhlükəsizlik zəmanəti verməyə bilər. Onların rəhbərliyi düşünə bilər ki, razılaşmalara sonradan əməl olunmaya bilər, buna görə də ABŞ və onun tərəfdaşları ilə qarşıdurma faktiki qaçılmazdır.

Bu səbəbdən belə nəticəyə gələ bilərlər ki, uzunmüddətli rasional strategiya indi təzyiqə dözmək, sonradan isə daha güclü çəkindirici imkanlarla ortaya çıxmaqdır… Bu isə ABŞ-nin üzləşməli olacağı əsas problemdir", – A.İbrahim deyir.