İrandakı etirazlarda azı 500 nəfərin öldürüldüyü bildirilir, insan haqları qrupları bu sayın bir neçə dəfə artıq ola biləcəyini deyirlər. ABŞ prezidenti Donald Trampı ötən həftə deyirdi ki, etirazçılara qarşı zorakılıq baş verərsə, İrana qarşı hərbi addım atıla bilər.
Tərəflər danışıqlara da açıq olduqlarını bildiriblər.
Diplomatiya alınmasa, Vaşinqtonun seçimləri hansılardır? AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey Förlonq radionun fars xidməti (Radio Fərda) ilə birlikdə bu suala cavab axtarıb.
Məhdud zərbələr
Simvolik hədəflərə məhdud zərbələr ABŞ-nin silahlı qüvvələri və mülki sakinlərə daha az risk yaradar.
"Ən təhlükəsiz seçim budur. Əsas hərbi infrastruktura zərbə endirəndə eyni cavab zərbəsi ehtimalı olmur", – London Kral Kollecindən Marina Miron AzadlıqRadiosuna deyib.
Bəzi təhlilçilərin fikrincə, bu variantın mənfi tərəfləri də var, rejim patriotik dəstəyi səfərbər edə, diqqəti etirazları körükləmiş problemlərdən yayındıra bilər. Amma zərbələrin vuracağı ziyan da böyük olmaz.
Həm də etirazçılara siqnal verilmiş olar ki, Vaşinqton onların köməyinə gəlmir.
Mümkün hədəflərə gəlincə, zərbələr polisə, "Bəsic"ə, SEPAH-a məxsus kazarmalara endirilə bilər.
İranın mərkəzində hərbi təlimlər zamanı raket atışları.
Davamlı kampaniya
SEPAH-a yönəlik zərbələrin təsiri daha böyük olar. Xüsusilə də İranın raket obyektlərini, komandanlıq, təhlükəsizlik qüvvələrini hədəf alarsa.
Problem ondadır ki, ABŞ-nin regionda yetərli sayda və gücdə donanma qüvvələri yoxdur. Ən yaxın təyyarədaşıyan "USS Abraham Lincoln" gəmisi hazırda Cənubi Çin dənizində təlimlər aparır. Onun Fars Körfəzinə gəlib çıxması günlərlə çəkə bilər.
Küveyt, BƏƏ və Qətərdə hərbi bazaları var. Amma bu ölkələrin Vaşinqtondan hərbi addım atmamaq xahişi etdiyi deyilir.
İranın əks-zərbəsindən çoxları narahatdır. İyunda 12 günlük müharibədə İran Qətərdə hava bazasına raket zərbəsi endirmişdi. Bu hücum, əsasən, simvolik olsa da, ABŞ yeni hücum edərsə, İran əks-zərbə ilə hədələyib. ABŞ-nin Körfəz müttəfiqlərinin ixrac etdiyi neft Hörmüz boğazından keçir və bu, pozula bilər. İsrailə hücum ola, regionda münaqişə genişlənə bilər.
"Hazırkı durum İslam Respublikası üçün həyati əhəmiyyətlidir. Bu, rejimin mahiyyətini birbaşa hədəfə alan bir savaşdır. Ona hücum olsa, bütün mümkün imkanlarla cavab verəcək", – Avstraliyadakı Dikin Universitetindən Əli Mamuri "Radio Fərda"ya deyir.
Xüsusi qüvvələr, qətllər
Venesuelanın ələ keçirilmiş lideri Nikolas Madurodan sonra ABŞ xüsusi qüvvələrinin siyahısında növbəti hədəf İranın ali dini lideri Əli Xamenei ola bilərmi?
R.Förlonq belə bir əməliyyatın real olmadığını yazır. Venesuela ətrafında xeyli sayda ABŞ qüvvəsi yığılmışdı, onlara rejim daxilində kəşfiyyat mənbələri də kömək edib, - media belə yazır.
Digər ssenari qətl, rejimi başsız qoymaq və İranda hakimiyyət savaşına yol açmaq olar. Bu isə daha çox kəşfiyyatdan asılıdır.
Kral Kollecindən Miron deyir ki, "ən məntiqi seçim yerdə kəşfiyyat səylərini birləşdirmək, müxalifəti silahlandırmaq... azı bir böyük şəhəri ələ keçirmək və oradan yayılmaq ola bilər".
Amma bu halda nəticəni proqnozlaşdırmaq çətindir, daha böyük xaos yarana, qan tökülə bilər.
Fars körfəzində "Soruş" neft platforması.
Blokada, kiberhücumlar, səs silahları
Trampın digər seçimləri də var.
"Qeyri-hərbi seçimlərin nəzərdən keçirilməsi ehtimalı da böyükdür. Buraya İranın tam iqtisadi blokadaya alınması və Çinə neft ixracının önlənməsi, kommunikasiyanı pozan kiberhücumlar daxildir", – Beynəlxalq Böhran Qrupunda İran layihəsi üzrə direktoru Əli Vaezi "Radio Fərda"ya deyib.
Əvvəllər də kiberhücumlar olub. 2021-ci ildə İranda yanacaqdoldurma stansiyalarına kiberhücum olub. İran buna görə ABŞ və İsraili günahlandırıb, amma dəlil göstərməyib. O vaxtdan oxşar hücumlar baş verib.
2019-cu ildə İran silah sistemlərinə kiberhücumdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) casus şəbəkəsini ifşa etdiyini iddia edib. ABŞ mediası isə o zaman adı açıqlanmayan hökumət rəsmilərinə istinadla bunun ABŞ-nin hücumu olduğunu yazmışdı.
Qeyri-ənənəvi hücum variantları da nəzərdən keçirilə bilər. ABŞ-nin Venesuela əməliyyatından sonra Ağ evin sözçüsü Kerolayn Livitt səs silahı ilə hücumdan sağ çıxdığını deyən bir şəxsin fikirlərini paylaşıb.
"Bu, çox güclü səs dalğası kimi idi. Birdən başımın içəridən partladığını hiss etdim. Hamımızın burnundan qan gəlməyə başladı. Bəziləri qan qusurdu. Yerə yıxıldıq, hərəkət edə bilmirdik", – o deyibmiş.
Amma bu məlumat müstəqil və ya rəsmi təsdiqlənməyib.