ABŞ-nin İrana dəniz blokadasının effekti oldumu? - Həm hə, həm də yox

Patrul zamanı Hörmüz boğazı üzərində uçan "AH-64 Apache" helikopterləri

ABŞ aprelin 13-dən İran limanları və gəmilərini dəniz blokadasına alıb. Məqsəd Tehranı sülh razılaşmasına məcbur etməkdir.

Ekspertlərin fikrincə, bu addım onsuz da zərbə almış İran iqtisadiyyatına təzyiqi artırıb, amma, hələlik Tehranı müharibəni bitirmək üçün güzəştə getməyə vadar etməyib.

Müharibə iki aya yaxındır davam edir. İran bəyan edir ki, ABŞ blokadanı aradan qaldırmayınca danışıqlara getməyəcək. Blokada əsasən Tehranın neft ixracını hədəf alıb. Vaşinqtonun mövqeyinə görə, blokada sülh razılaşması imzalandıqdan sonra dayandırılacaq.

ABŞ blokadanı İran Hörmüz boğazını faktiki bağlayandan sonra tətbiq edib. Boğazın beynəlxalq gəmiçilik üçün bağlanması qlobal bazarları sarsıdıb və Tehrana müharibədə əlavə rıçaqlar verib.

İqtisadi təsir var, siyasi güzəşt yox

"Blokadanın əsas məqsədi İrana gedən-gələn gəmiləri, xüsusilə də İrandan xam neft ixracını dayandırmaqdırsa, o zaman blokada uğurludur", – Yaxın Şərq üzrə enerji eksperti Nader İtayim deyir.

Lakin o əlavə edir: "Vaşinqton düşünürsə ki, blokada İranı tezliklə danışıqlara məcbur edəcək, o zaman məyus ola bilər".

İtayim deyir ki, İran martda gündə təxminən 1.8 milyon barel neft ixrac edirdi. Blokadanın təsiri artdıqca, bu rəqəm son günlərdə, demək olar, "damla" səviyyəsinə düşüb. Lakin onun sözlərinə görə, blokadadan əvvəl dənizə çıxarılan 130 milyon barel neft İranın ehtiyaclarını daha iki ay qarşılayacaq gücdədir.

ABŞ Hərbi Dəniz Qüvvələri aprelin 19-da Oman körfəzində İran yük gəmisinə atəş açıb və onu ələ keçirib. İki gün sonra isə Hind okeanında neft qaçaqmalçılığında şübhəli bilinən daha bir tanker müsadirə edilib.

HÖRMÜZ BOĞAZI

Rəsmi Vaşinqton uğur elan edir, lakin dəlillər fərqli söyləyir

ABŞ prezidenti Donald Tramp blokadanın "nəhəng uğur" olduğunu bildirib. O, İranla yekun saziş əldə olunduqdan sonra embarqonun qaldırılacağını söyləyib. ABŞ ordusu blokadanın İranın ticarətini tamamilə dayandırdığını iddia edir.

Buna qarşılıq, "Vortexa" yük izləmə şirkəti İranla əlaqəli onlarla tankerin blokadadan yan keçə bildiyini açıqlayıb. Şirkətin məlumatına görə, aprelin 13-21-də təxminən 10.7 milyon barel İran nefti Hörmüz boğazından keçərək blokada zonasını tərk edib. ABŞ ordusu bu məlumatları rədd edib.

"Lloyd's List" dəniz məlumatları şirkəti də "kölgə donanması"na aid azı 26 gəminin blokadanı yardığını bildirib.

Vaşinqtondakı "Defense Priorities" analitik mərkəzindən Rozmari Kelanik deyir ki, blokadadan əvvəl gündə altı-yeddi gəmi keçirdi, indi bunun azaldığı açıq görünür. Lakin o əlavə edir: "ABŞ üçün əsas problem budur ki, materik ölkəni tamamilə blokadaya almaq mümkün deyil. İran hələ də qurudan, o cümlədən neft ticarəti edə bilir – dəniz yolu ilə müqayisədə daha az həcmdə olsa da".

Blokadanın ziyanı

Trampın iddiasına görə, blokada İrana gündə təxminən 500 milyon dollara başa gəlir. Ekspertlər isə bu itkiləri dəqiq hesablamağın çətin olduğunu vurğulayırlar.

Müharibəyə qədər İranın illik neft gəlirləri 45 milyard dollar civarında olub. Bu göstərici ölkənin ÜDM-nin 10 faizinə bərabər idi.

Kelanik izah edir: "Hətta blokada bütün neft ticarətini kəssə belə, – amma kəsməyəcək, – maksimum zərər ÜDM-nin təxminən 10 faizi ola bilər. Bu, sülh dövrü üçün böyük itkidir, amma müharibə şəraitində o qədər də pis deyil".

O, Ukraynanın 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra ÜDM-sinin 20 faizini itirdiyini, bununla belə, döyüşləri dayandırmadığını xatırladır: "Buna görə də Trampın blokadasının İrandakı müqaviməti qıracağına şübhə ilə yanaşıram".

İranın Hörmüz boğazında "MSC Francesca" və "Epaminondas" konteyner gəmilərini ələ keçirməsi.

Hərbi eskalasiya riski

ABŞ və İsrailin bombardman kampaniyası İranda ordunu zəiflədib, rəhbərliyin böyük hissəsini sıradan çıxarıb, mühüm infrastrukturu dağıdıb. Buna baxmayaraq, Tehran münaqişədə özünü üstün mövqedə sayır, müharibəni öz şərtləri ilə bitirməyə çalışır.

Pakistanda aprelin 11-də ilk sülh danışıqları nəticəsiz bitib. Tramp aprelin 22-də başa çatmalı olan atəşkəsi birtərəfli qaydada uzadıb. Tərəflər hazırda İslamabadda ikinci raund üçün dolayı danışıqlar aparır.

Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunda çalışan Həmidrza Əzizinin fikrincə, təkcə iqtisadi təzyiq İranı hərbi təzyiq zamanı getmədiyi güzəştlərə vadar etməyəcək: "Əksinə, İran müharibəni yenidən başlada bilər: Tehran üçün "nə müharibə, nə sülh" vəziyyəti ən dağıdıcı ssenaridir".

ABŞ İrana əvvəllər də ağır sanksiyalar tətbiq etmişdi, blokada isə ölkənin iqtisadi resurslarını daha da sıxışdırıb. Eyni zamanda, blokada Tehranın müharibə başlayandan bəri Hörmüz boğazında beynəlxalq gəmiçilikdən rüsum toplamasının da qarşısını alıb.

Aprelin 22-də İran boğazda üç gəmiyə atəş açıb, onlardan ikisini ələ keçirib. Bu, Tehranın blokadanı qırmaq üçün gücə əl atmağa hazır olduğunu göstərir.

"Bu vəziyyət İslam Respublikası üçün dözülməzdir. Ona görə də onların hərbi addımlar atacağını gözləyirəm", – Əzizi bildirir.