ABŞ-İran atəşkəsində izlənəsi üç məsələ

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ-İsrail-İran müharibəsi həqiqətən başa çatır?

Aprelin 7-də ABŞ və İran Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsə razılaşıb. Bu razılaşmanın əsas şərti İranın Hörmüz boğazını yenidən açmasıdır.

Atəşkəs elanından sonra qlobal bazarlarda yüksəliş qeydə alınıb. Neftin qiymətləri düşüb. Dünya liderləri rahatlayıb.

Ancaq atəşkəs, hələlik, kövrək görünür. Bir neçə saat sonra İranın Fars körfəzi ölkələrinə zərbələri haqda xəbərlər yayıldı. İsrail isə Livanda ABŞ-nin terror təşkilatı kimi tanıdığı, İranın dəstəklədiyi "Hizbullah"a hücumlarını davam etdirir.

Aprelin 10-da İslamabadda daimi sülh razılaşması üçün danışıqlar başlayacaq. Hər iki tərəf bildirib ki, atəşkəs müvəqqətidir, müharibənin bitməsi anlamına gəlmir.

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi bu atəşkəsin sülh sazişinə çevriləcəyi, yoxsa döyüşlərdə sadəcə bir fasilə olacağını üç məsələnin müəyyənləşdirəcəyini qeyd edir.

1. Hörmüz boğazı

Hörmüz boğazı onilliklər boyu qlobal ümumi istifadə məkanı sayılıb, dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən 1/5-i bu marşrutla sərbəst, maneəsiz və rüsumsuz daşınıb. Bu dövr artıq başa çata bilər.

Atəşkəs çərçivəsində İran və Omanın boğazdan keçən gəmilərdən tranzit rüsumu almasına icazə verən müddəanın yer aldığı deyilir. Bu addımın presedenti yoxdur. BMT-nin Dəniz Hüququ Konvensiyası belə rüsumları yasaqlayır. İndiyədək heç bir dövlət beynəlxalq boğazda belə ödəniş tətbiq edə bilməyib.

İranın sistemi sadə rüsumdan daha mürəkkəbdir. SEPAH-ın ölkələri dostluq səviyyəsinə görə sıraladığı bildirilir, yəni dost sayılan ölkələrin gəmiləri daha əlverişli şərtlər əldə edir. Rüsum ödənildikdən sonra gəmilərə icazə kodu və marşrut təlimatları verilir, onların boğazdan keçidi razılaşdıran ölkənin bayrağını qaldırması gözlənilir.

Bəs ödənişi kim edir? Brüsseldə yerləşən "Bruegel" analitik mərkəzinin eksperti Quntram Volf deyir ki, ilk ağla gələn qlobal istehlakçılar olsa da, bu belə deyil. Fars körfəzi ölkələri dünya neftinin təxminən 20 faizini təmin edir, rüsumun əsas hissəsini də məhz onların ödəyəcəyi görünür.

"Hesablamalarıma görə, Körfəz ölkələri rüsumun təxminən 80-85 faizini ödəyəcək, qlobal istehlakçılar isə cəmi 20 faizini", – Volf AzadlıqRadiosuna bildirib.

Başqa sözlə, adi istehlakçılar bu rüsumu, demək olar, hiss etməyəcək. Ər-Riyad, Əbu-Dabi və Küveytin gəlirləri isə azala bilər.

Hörmüz boğazı

Bu məntiq təkcə neftə aid deyil: gübrələr, neft-kimya məhsulları və Körfəzdən gedən digər mallar da eyni cür təsirlənəcək. Belə çıxır, Körfəz ölkələri öz resurslarını ixrac etmək üçün ödədikləri pulla İranın bərpasını maliyyələşdirə bilərlər.

İran rəsmiləri bu niyyətlərini açıqca bildiriblər. Parlament sədri Məhəmməd Baqer Qalibaf yazıb ki, "Hörmüz boğazında vəziyyət müharibədən əvvəlki halına qayıtmayacaq".

2. Uranın zənginləşdirilməsi

Tramp atəşkəs elan edərkən İranın 10-bəndlik təklifini "danışıqlar üçün işlək əsas" adlandırıb. Müşahidəçilər isə deyirlər ki, tərəflərin mövqeləri çox uzaqdır, bu fərq ən çox İranın nüvə proqramı məsələsində üzə çıxır.

"The Associated Press" yazır ki, İranın farsca hazırladığı 10-bəndlik atəşkəs planında "uranın zənginləşdirilməsinə razılıq" ifadəsi yer alıb, iranlı diplomatların jurnalistlərə təqdim etdiyi ingilisdilli versiyalarda isə bu yoxdur. Tramp aprelin 8-də bildirib ki, İranda uranın zənginləşdirilməsinə icazə verilməyəcək.

Farsca mətnə görə, tərəflər uranın zənginləşdirilməsi səviyyəsi üzrə danışıqlar aparacaq.

"Uran məsələsini izləyirik. Onların nə qədər ehtiyatı olduğunu bilirik, onlar onu verəcəklər, biz də alacağıq. Lazım gələrsə, özümüz götürəcəyik", – ABŞ-nin müdafiə naziri Pit Heqset belə deyib.

BMT-nin nüvə nəzarəti agentliyinə görə, İranın 60 faizədək zənginləşdirilmiş 440 kiloqram uranı var.

Vasitəçilərin mövqeyi belədir ki, bu ehtiyatın ölkədən çıxarılması və ya durulaşdırılması yalnız yekun sülh razılaşması çərçivəsində mümkün ola bilər, müvəqqəti atəşkəsdə deyil. Bu, danışıqlar Tehranın əsas alver predmetlərindən biridir.

Uran məsələsi bilərəkdən İslamabad danışıqlarına saxlanılıb. Tərcümə fərqlərinin orada yenidən problem yaradacağı gözlənilir.

İranın nüvə obyektləri

3. Livan

İsrailin Livandakı hərbi əməliyyatları atəşkəsi poza bilər; bu əməliyyatlar aprelin 8-də davam edib.

İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib ki, razılaşma Livanı əhatə etmir. Razılaşmanın əsas vasitəçisi olan Pakistanın baş naziri Şahbaz Şərif isə əksini söyləyib.

Bu fikir ayrılığı texniki məsələ deyil. İran "Hizbullah"ı dəstəkləyir, İsrail Livana zərbələrinin davam etməsi Tehranın hərbi cavab verməsi üçün təzyiq yarada bilər.

Presedent yaranır?

Volfun dediyinə görə, İran böyük itkilər hesabına olsa da, göstərdi ki, orta ölçülü bir dövlət adi müharibədə qalib gəlmədən də qlobal sistemə ciddi iqtisadi təzyiq göstərə bilər. Bu, presedent yaradırmı?

"Çox az ölkə İranın son həftələrdə yaşadıqlarını yaşamaq istəyər", – o söyləyir. "Bu baxımdan, presedent deyil. Amma İran dünyaya assimetrik müharibənin gücünü göstərdi. Bu mənada bu, ABŞ üçün strateji məğlubiyyət, assimetrik müharibəni mənimsəmiş istənilən oyunçu üçün isə strateji qələbədir. İndi bilir ki, beynəlxalq düzənin keşikçisi əslində onun öhdəsindən gələ bilmir".