Gürcüstan TRIPP-dən kənar qalmaq istəmir

ABŞ Konqresinin nümayəndə heyəti

ABŞ Konqresinin nümayəndə heyəti Tbilisidə hökumət təmsilçiləri və bir neçə müxalif siyasi partiyanın liderləri ilə görüşür. "Exo Kavkaza" yazır ki, məqsəd regiondakı durum, Gürcüstandakı proseslər barədə bilgi toplamaqdır.

"Girçi – Daha Çox Azadlıq" partiyasının lideri Zurab Caparidze görüşdən sonra jurnalistlərə deyib ki, müzakirə olunan məsələlər sırasında "dünən qəbul edilmiş bəzi yeni tənzimləmələr" də olub. O, "Gürcü Arzusu"nun təşəbbüsü ilə irəli sürülən qanunvericilik dəyişikliklərini nəzərdə tutub. Bu addımların daha öncəki qanunlardan "yayınma" yollarını bağlamaq, "ölkəni inqilabdan qorumaq" məqsədi daşıdığı bildirilir.

"Azadlıq Meydanı" hərəkatının liderlərindən Levan Tsutskiridzenin fikrincə, qanunvericilik dəyişiklikləri təşəbbüsü bilərəkdən ABŞ Konqresi nümayəndə heyətinin Gürcüstana səfəri ilə eyni vaxta salınıb.

"Lelo – Güclü Gürcüstan" partiyasının liderlərindən biri Badri Caparidze isə ABŞ-nin Gürcüstana marağının artmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Gürcüstanın təhlükəsizliyi və gürcü xalqının rifahı üçün Gürcüstanla ABŞ arasında dayandırılmış tərəfdaşlıq sazişinin bərpası vacibdir. B.Caparidze "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) müzakirə olunduğunu, Gürcüstanın bu mühüm təşəbbüsdən kənarda qalmaması məsələsinin qaldırıldığını vurğulayıb.

Ermənistanın cənubundan keçəcək TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq.

ABŞ təmsilçiləri yanvarın 28-də Gürcüstan rəsmiləri ilə ikitərəfli münasibətləri müzakirə ediblər.

ABŞ Gürcüstanla uzun illər davam edən strateji tərəfdaşlığı 2024-cü ilin noyabrında dayandırıb. Bu addım "xarici agentlər haqqında qanun", hakim "Gürcü Arzusu" nümayəndələrinin "yalan ittihamlara əsaslanan" antiqərb ritorikası ilə əsaslandırılıb. ABŞ dəfələrlə Gürcüstan hökumətini Avropa və Avroatlantik inteqrasiya yoluna qayıtmağa çağırıb.