ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili rabitə üçün istifadə etdiyi tam məxfi şəbəkənin işində nasazlıq yaranıb. Bu barədə dünən – noyabrın 17-də CNN telekanalı vəziyyətdən xəbərdar olan altı mənbəyə istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, qurumda problemin miqyasını müəyyənləşdirməyə çalışırlar, amma hazırda kiberhücumun baş verdiyini göstərən heç bir əlamət yoxdur.
CNN bildirir ki, "NSA Net" adlanan bu sistem qurum əməkdaşlarına təşkilat daxilində məxfi məlumat mübadiləsi aparmağa imkan verir.
Ötən həftə ABŞ-də bir sıra digər texniki nasazlıqlar da baş verib. Belə ki, ölkədə bütün təyyarələrin uçuşu bir neçə saatlıq dayandırılıb, "Microsoft"un xidmətlərində yaranan fasilələr isə bütün dünyada "Outlook" və "Teams" istifadəçilərinə təsir göstərib.
Noyabrın 17-də ABŞ prezidenti Donald Tramp bu cür problemlərin qaçılmaz olduğunu deyib. "Belə hallar olur, qorxulu heç nə yoxdur", –Tramp Manilada jurnalistlərə bildirib.
Tramp administrasiyası hava nəqliyyatı sistemindəki nasazlığı rabitə kabelində "işlərin keyfiyyətsiz görülməsi" ilə əlaqələndirib.
Eyni zamanda milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən ABŞ dövlət katibi Marko Rubio bu hadisələrin narahatlıq doğurduğunu etiraf edib, amma onların bir-biri ilə əlaqəli olmadığını və "pisniyyətli qüvvələr" tərəfindən törədildiyinə dair heç bir sübutun tapılmadığını vurğulayıb.
"Biz sistemli hücuma məruz qalmamışıq", –Rubio Manilada jurnalistlərə açıqlama verib.
Nyu-Yorkda "JPMorgan Chase" binası
16 noyabr
ABŞ-nin iri banklarının işində nasazlıq yaranıb
Noyabrın 16-da istifadəçilər "JPMorgan Chase", "Bank of America", "US Bank" və "Wells Fargo" banklarının xidmətlərində problemlər yarandığını bildiriblər. Bu barədə "Reuters" agentliyi nasazlıqları izləyən downdetector.com saytının məlumatına əsasən xəbər verib.
CNBC mənbəyə istinadla yazıb ki, "JPMorgan"dakı texniki problemin kənar müdaxilədən qaynaqlandığına dair heç bir əlamət yoxdur. Proqram təminatındakı xətanın bir neçə bankın işinə eyni vaxtda təsir göstərdiyini təsdiqləyən dəlil də tapılmayıb.
ABŞ-nin ən böyük bankı olan "JPMorgan Chase" proqram təminatındakı xətanın əməliyyatların icrasında çətinliklər yaratdığını açıqlayıb. Bankdan bildirilib ki, bu problem onun gecikən köçürmələrini qəbul edən digər bankların işinə də mənfi təsir göstərə bilər.
Bankın sözçüsü nasazlığın kiberhücumla bağlı olduğuna dair heç bir sübut aşkarlanmadığını deyib. Onun sözlərinə görə, müştərilər öz hesablarına və vəsaitlərinə daxil ola bilirlər. Hazırda problemin aradan qaldırılması üçün intensiv iş aparılır.
Ötən həftə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) ölkə üzrə uçuşları müvəqqəti dayandırması hava nəqliyyatında ciddi fasilələr yaratmışdı. Bundan başqa, "Microsoft"un elektron poçt xidmətində qlobal nasazlıq baş verib. Ötən ay isə "Binance" kriptovalyuta birjası genişmiqyaslı haker hücumuna məruz qalıb.
downdetector.com-un məlumatına görə, noyabrın 16-da "Bank of America", "US Bank" və "Wells Fargo"nun müştəriləri də xidmətlərdə fasilələr yarandığını bildiriblər. "Bank of America" və "Wells Fargo" məsələni şərh etməyib.
"US Bank"ın sözçüsü isə bankın sistemlərinin bu vəziyyətdən birbaşa zərər görmədiyini vurğulayıb: "Ancaq başqa maliyyə qurumları ilə "Zelle" vasitəsilə pul göndərməyə və ya qəbul etməyə çalışan müştərilər əməliyyatlarda gecikmələrlə üzləşə bilərlər".