Abgül Süleymanova 30 sutka həbs verilib 

Abgül Süleymanov

İlahiyyatçı Abgül Süleymanov 30 sutka inzibatı həbs edilib. Bu barədə onun yaxınları sentyabrın 24-də məlumat yayıblar.

Onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham edildiyi bildirilir.

Amma məsələni rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Yaxınlarının sözlərinə görə, A.Süleymanov sentyabrın 23-də evinin qarşısından aparılıb. Lakin ailəsi həmin gün onun harada saxlanıldığını müəyyənləşdirə bilməyib.

Yaxınları ilahiyyatçının saxlanmasını onun Facebook-da hicabla bağlı etdiyi paylaşımla əlaqələndirirlər. Süleymanov həmin statusunda "əgər məktəbli qızların hicabla təhsil alması qadağan olunsa", zindanı seçəcəyini yazmışdı.

Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsinə yol verilmir.

"Dünyəvilik prinsipinə uyğun olmayan"

Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır. Bir sıra təhlilçilər bu ifadənin həm də hicaba şamil olunduğunu düşünürlər.

Bu qərar bəzi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində vahid geyim forması Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarı ilə təsdiq edilib və mərhələli şəkildə tətbiq olunmağa başlanılıb. Məktəblərin daxili nizamnaməsi də bütün şagirdlərin dərsə vahid formada gəlməsini tələb edir. Amma tələblərdə hicabla bağlı konkret bir qeyd yox idi. Bəzi ekspertlər bunu "bilərəkdən buraxılmış boşluq" kimi qiymətləndirirdilər.

Hər halda, istər 2022-ci il qərarından əvvəl, istərsə də sonra Azərbaycanda bir çox valideynlər övladlarının məktəbə hicabla buraxılmamasından şikayət edirdilər. Hətta 2012-ci ildə Bakıda, Təhsil Nazirliyinin binası qarşısında hicabla bağlı icazəsiz aksiya keçirilmiş və polislə qarşıdurma yaranmışdı. Sonradan həmin hadisələrlə bağlı həbs edilənlər də oldu.

İndi bəzi ekspertlər hesab edirlər ki, məktəbli forması qaydalarına son dəyişikliklər bu məsələ ilə bağlı hüquqi boşluğu aradan qaldıra bilər.

Digər tərəfdən, sosial şəbəkələrdə bu qərarı müsbət qarşılayıb dəstəkləyənlər də az deyil. Onların fikrincə, məktəbli qızlara erkən yaşda hicab taxdırmaq onların sərbəst seçim hüququnu əlindən almaqdır. Üstəlik, bu mövqedə olanlar ölkədə dinin dövlətdən ayrı olduğunu xatırladırlar.

Xatırlatma

Abgül Süleymanov daha əvvəl 2011-ci ilin avqustunda həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. O, ölkədə iğtişaşlar törətməkdə, ictimai təhlükəsizliyi pozmağa cəhddə və insanları itaətsizliyə təhrik etməkdə ittiham olunurdu.

Saxlanılarkən üzərindən 23.7 qram narkotik vasitə tapıldığı iddia olunurdu. O, ittihamı qəbul etmirdi.

A.Süleymanov cəza müddəti başa çatdıqdan sonra, 2022-ci il sentyabrın 29-da azadlığa buraxılmışdı.