Bayden Şimal axını-2 sanksiyalarından danışdı

Almaniyada yol işarəsi

ABŞ rəsmilərinin fikrincə, bu kəmər Avropanı Rusiyanın enerji təchizatından daha çox asılı edəcək və qaz tranzit haqlarından asılı Ukraynadan yan keçəcək

ABŞ administrasiyası Şimal axını-2 qaz layihəsinə sanksiyaları ona görə dayandırmağa qərar verdi ki, layihə demək olar tamamlanıb və sanksiyalar Avropa müttəfiqləri ilə münasibətlərə ziyan vurardı. Bunu Prezident Co Bayden deyir.

“Münasibətlərimizə əks təsir göstərərdi”

“Layihə demək olar tamamlanıb. Bu heç də mənim Almaniyaya nəyisə icazə verib-verməyəcəyim məsələ deyil… Hazırda irəli gedərək sanksiyalar tətbiq etmək, məncə, Avropa ilə münasibətlərimizə əks təsir göstərərdi”, – Bayden deyb.

Buna da bax: Bayden Putinlə iyunun 16-da Cenevrədə görüşəcək

Şimal axını-2 Rusiyadan qazı Almaniyaya Baltik dənizinin dibiylə nəql edəcək.

Dövlət Departamentinin ötən həftə bildirməsinə görə, kəməri çəkən “Şimal axını 2 AG” Rusiya şirkəti və onun almaniyalı baş icraçı direktoru, Rusiya Prezidenti Vladimir Putinin müttəfiqi olan Matias Varniq sanksiya tətbiq olunası fəaliyyətlə məşğul olublar. Amma Bayden administrasiyası ABŞ-ın milli maraqlarına uyğun olmadığı üçün sanksiyaları dayandırır.

Bu addım Vaşinqtonun özündə respublikaçıların və bəzi demokratların tənqidinə səbəb olub.

Buna da bax: ABŞ-dan ‘Şimal axını-2’ layihəsinə yeni sanksiya

İyunda görüşəcəklər

95 faizi tamamlanmış kəmər sentyabrda tam hazır ola bilər. Keçmiş prezident Donald Tramp administrasiyası dövründə o, Berlinlə Vaşinqton arasında siyasi mübahisə mövzusu idi. Yanvarda vəzifəyə keçən Bayden Avropayla münasibətləri düzəltməyə çalışır.

ABŞ rəsmilərinin fikrincə, bu kəmər Avropanı Rusiyanın enerji təchizatından daha çox asılı edəcək və qaz tranzit haqlarından asılı Ukraynadan yan keçəcək.

Almaniya hökuməti layihəni dayandırmaqdan imtina edib, bunun kommersiya və suveren məsələ olduğunu deyib.

Bayden iyunda Avropaya səfəri zamanı Almaniya kansleri Angela Merkel və Putinlə görüşəcək.

Merkel mayın 24-də deyib ki, sanksiyalar dayandırılandan sonra Şimal axını-2 üzrə Birləşmiş Ştatlarla müzakirələrin davam edəcəyini gözləyir.