'Onları qadın kimi danışdıqlarına görə cəzalandırmaq...'

8 mart aksiyası dağıdılır, 2021-ci il

Amnesty Azərbaycan hakimiyyətini hər bir şəxsin ifadə və sərbəst toplaşma hüquqlarını etməyə çağırır ki, qadınlar da bu hüquqlarından tam istifadə edə bilsinlər

"Azərbaycanda qadınların səsinin gücü artır. Qadın insan haqları fəalları, jurnalistlər və hüquqşünaslar bir sıra insan haqları pozuntuları üçün məsuliyyət daşıyanları cəzalandırmağı tələb edir, ifadə və birləşmə hüquqları daxil insan haqları uğrunda təbliğat aparırlar". Amma “Amnesty International” insan haqları təşkilatı bu cəhdlərin getdikcə daha artıq qisasçılıqla üzləşdiyini bildirir.

Qurum mayın 12-də yaydığı hesabatda qadın insan haqları fəallarının təhdidlər, qorxudulma, gizliliyin pozulması və qarayaxma kampaniyası ilə üzləşdiyini qeyd edir, Azərbaycanı qadınlara qarşı gender əsaslı qisasçılığı dayandırmağa çağırır.

Buna da bax: HRW-dan İstanbul Konvensiyası xəbərdarlığı

“Gender əsaslı zorakılıq və diskriminasiyanın məqsədi onların tənqidi səslərini susdurmaq və onların işini gözdən salmaqdır. Məqsəd həm də onları qadın kimi danışdıqlarına görə cəzalandırmaqdır. Getdikcə bu qısnama və təhdid əsasən onlayn baş verir və günahkarların anonim qalması qurbanların təhlükəsizlik və narahatlıq hissini gücləndirir”, – qurum vurğulayır.

Hesabatda deyilir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq əsasən cəzasız qalır, yalnız ağır fəsadla nəticələnən hallarda polisə, məhkəməyə müraciət olunur.

Azərbaycanın qadınlara qarşı zorakılığı önləmək, araşdırmaq və cəzalandırmaq, qurbanları adekvat qorumayla təmin etmək, effektiv hüquqi tədbirlər görmək öhdəliyi var, qurum bildirir.

Buna da bax: Komitə aksiya ilə bağlı açıqlama yayıb

İstanbul Konvensiyası

“Azərbaycan beynəlxalq öhdəliklərinə əməl etməli, Avropa Şurasının Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və onunla Mübarizə haqqında Konvensiyanı (İstanbul Konvensiyası) ratifikasiya etməlidir”, – Amnesty bildirir.

Hesabatda Avropa Şurasının üzvü olan Azərbaycanla Rusiyanın bu konvensiyanı nə imzaladığı, nə də ratifikasiya etdiyi vurğulanır.

Təşkilat güc strukturlarının qadın fəalların 8 mart aksiyalarına imkan verməməklə ifadə və sərbəst toplaşma azadlıqlarını pozduğunu bildirir. Bir sıra qadın fəallar – Gülnarə Mehdiyeva, Nərmin Şahmarzadə, Rəbiyyə Məmmədova və digərləri üzləşdikləri təzyiqləri təsvir ediblər.

Buna da bax: Şafak Coliyə müsahibəsində qadın hüquqlarından danışır

Amnesty Azərbaycan hakimiyyətini hər bir şəxsin ifadə və sərbəst toplaşma hüquqlarını etməyə çağırır ki, qadınlar da bu hüquqlarından tam istifadə edə bilsinlər.

Azərbaycan hakimiyyəti isə ölkədə hüquq və azadlıqların pozulması haqda tənqidləri qəbul etmir, bütün təməl hüquqların tam təmin olunduğunu bildirir. Beynəlxalq təşkilatların mövqeyi adətən qərəzli, qeyri-obyektiv hesab olunur.

İstanbul Konvensiyasına gəlincə, rəsmi orqanlar bu istiqamətdə iş getdiyini deyirlər.