Rusiya Rumıniya diplomatını ölkədən çıxarır

Rusiya XİN

Rusiya Rumıniya hərbi attaşesinin müavininin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bu, Buxarestin bir Rusiya diplomatını persona non grata elan etməsinə cavab idi.

Mayın 11-də Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada ona kapitan G. İlieskunun arzuolunmaz şəxc olduğuna dair etiraz notası təqdim olunub.

Rusiya XİN-in bəyanatında deyilir ki, ölkədən çıxması üçün İlieskuya 72 saat vaxt verilib.

Bəyanatda qeyd olunur ki, Moskva bu addımı aprelin 26-da Rusiyanın Rumıniyadakı hərbi attaşesinin köməkçisinin ölkədən çıxarılmasına cavab olaraq atıb.

Buna da bax: Çexiyanın baş naziri AB ölkələrini hərəyə bir rus diplomatını ölkədən çıxarmağa çağırır

Çexiyadan başlanan zəncir

Rumıniya Rusiya diplomatını ölkədən çıxararkən onun diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olduğunu bildirmişdi.

Buxarest Rusiya diplomatının çıxarılmasına dair qərarın detallarını açıqlamamışdı.

Keçmiş Sovet blokunun, habelə şərqi və mərkəzi Avropanın bir çox ölkələri Avropa İttifaqı və NATO üzvləridirlər.

Bu ölkələr Çexiya ilə həmrəylik nümayişi üçün Rusiya diplomatlarını persona non grata elan ediblər.

Rusiya və bu ölkələr arasında diplomatların “əvəzə əvəz” prinsipi ilə qovulması ötən ay Praqa Rusiyanı 2014-cü ildə ölkənin silah anbarlarının birində baş vermiş partlayışa görə ittiham edəndən sonra başlayıb.

Bunun ardınca keçmiş sovet respublikaları olan Litva, Latviya və Estoniya da Rusiya diplomatlarını persona non grata elan ediblər.

Buna bənzər addımları Slovakiya və Bolqarıstan da atıb.