Çin uyğurlara görə Britaniyaya sanksiyalar açıqlayır

Sintzyanda uyğur qadın

ABŞ Prezidenti Co Bayden isə Çinin dünyada ən güclü ölkə kimi ABŞ-ın əvəzləməsinə mane olacağını deyir

Çin Britaniyanın bəzi təşkilatları və fərdlərinə qarşı sanksiyalar açıqlayıb. Pekin bunu Çinin müsəlman uyğur azlığı ilə rəftarına dair “məkrlə yalan və dezinformasiya yayılması” ilə əlaqələndirir.

Çin Xarici İşlər Nazirliyinin martın 26-da yaydığı bəyanatda deyilir ki, dörd qurum və britaniyalı deputatlar daxil olmaqla 9 fərd sanksiya siyahısına salınıb. Bu, Çinin şimal-qərbi Sintzyan regionunda insan haqlarının durumuyla bağlı diplomatik qalmaqal çərçivəsində son insidentdir.

“Çinin daxili işlərinə kobud müdaxilədir”

Nazirlik bəyanatda Britaniyanın Çinə sanksiyalar tətbiq etdiyini vurğulayır.

“Yalnız yalan və dezinformasiyaya əsaslanan bu addım beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən təməl normaları biabırcasına pozur, Çinin daxili işlərinə kobud müdaxilədir, Çin-Britaniya münasibətlərinə ciddi zərbə vurur”, – qurum bildirir.

Çin qətiyyətlə öz milli suverenliyini, təhlükəsizliyini, maraqlarının inkişafını qoruyacaq, deyən nazirlik Britaniyaya xəbərdarlıq edir ki, “yanlış yolla davam etməsin. Əks halda, Çin digər qətiyyətli reaksiyalar verəcək”.

Sanksiya qoyulmuş tərəflər və onların ailə üzvlərinin Honq Konq və Makau daxil olmaqla Çinə getməsi qadağan olunur, ölkədəki aktivləri dondurulur, Çin vətəndaşları və qurumlarının onlarla işbirliyi yasaqlanır.

Buna da bax: Çinə uyğurlara görə sanksiyalar qoyuldu, Pekin dərhal cavab verdi

“Susmayacağam”

Bundan öncə Birləşmiş Ştatlar, Avropa Birliyi, Britaniya və Kanada Pekinə uyğur müsəlmanlarla rəftara görə sanksiyalar açıqlamışdı. Pekin artıq AB-yə cavab sanksiyaları tətbiq edib.

Fəallar və BMT-nin insan haqları ekspertləri azı 1 milyon uyğur və digər müsəlman azlıqların Sintzyanda həbs düşərgələrində saxlandığını, qadınların məcburi sterilizasiyaya, məcburi əməyə məcbur olunduğunu bildirir.

Çin isə pis rəftarla bağlı ittihamları rədd edir, həmin düşərgələrin təlim mərkəzləri olduğunu, ekstremizmlə mübarizə məqsədilə yaradıldığını bildirir.

Nyukasl Universitetində uyğurlar üzrə ekspert Co Smit Finli sanksiya siyahısına salınmasına Twitter-də reaksiya verib. O, “həqiqəti dediyinə”, “vicdanı olduğuna” görə sanksiya ilə üzləşdiyini yazıb. “Qoy belə olsun. Danışdığıma görə peşman deyiləm, susmayacağam”, – o yazıb.

Baydenin Çinə mesajı

ABŞ Prezidenti Co Bayden isə Çinin dünyada ən güclü ölkə kimi ABŞ-ın əvəzləməsinə mane olacağını deyir. O, martın 25-də ilk solo mətbuat konfransında deyib ki, Çinin ticarət kimi məsələlərində beynəlxalq qaydalara əməl etməsi yönündə işi davam etdirəcək.

Bayden deyir ki, Çinin məqsədi dünyada lider ölkəyə çevrilməkdir, bu isə “mənim nəzarətim altında baş verməyəcək, çünki Birləşmiş Ştatlar böyüməyə davam edəcək”. O, Çin prezidenti Si Cinpinqi rusiyalı həmkarı Vladimir Putinlə müqayisə edib, deyib ki, hər ikisi avtokratiyanın “gələcəyin dalğası olmasına, demokratiyanın mürəkkəb dünyada işləyə bilmədiyinə” inanır.

Amma Birləşmiş Ştatlar Çinlə qarşıdurma istəmir, müttəfiqlərlə işləyərək Çinin Honq Konqda demokratiyanın geriləməsi, uyğurlarla rəftarı, hərbini həddən artıq gücləndirməsi üçün məsuliyyət daşımasına çalışacaq.