Belarusda seçkidən sonra 400-dən çox etirazçı məhkum edilib

Minskdə səssiz etiraz

Şübhəlilərin hüquq-mühafizə əməkdaşlarına qarşı “zorakılıq və təhdidlərdə”, onları açıq təhqir etməkdə, özəl mülkiyyətə ziyan vurmaqda, dövlət simvollarını ələ salmaqda suçlandığı qeyd edilir

Belarusda yeddi ay öncəki mübahisəli prezident seçkisindən sonra 400-dən çox etirazçı məhkum edilib.

“Bu günədək müstəntiqlər qanunsuz kütləvi tədbirlər və ictimai asayişi pozan etirazlarda iştirakla əlaqədar 631 nəfərə qarşı 468 cinayət işini məhkəmələrə göndərib”, – Baş Prokurorluq martın 17-də bildirib. Qurum artıq “400-dən çox şəxsin məhkum edildiyini” açıqlayır.

Şübhəlilərin hüquq-mühafizə əməkdaşlarına qarşı “zorakılıq və təhdidlərdə”, onları açıq təhqir etməkdə, özəl mülkiyyətə ziyan vurmaqda, dövlət simvollarını ələ salmaqda suçlandığı qeyd edilir.

Buna da bax: Tixanovskaya onları aclıq aksiyasını dayandırmağa çağırır

30 mindən çox saxlanan, yüzlərlə döyülən...

9 avqust seçkisinin qalibi Alyaksandr Lukaşenka elan olunandan sonra ölkədə hər gün etirazlar keçirilir. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb edir.

O vaxtdan 30 mindən çox etirazçı saxlanıb, yüzlərlə insan döyülüb, öldürülənlər olub, jurnalistlər hədəfə alınıb.

1994-cü ildən Belarusu idarə edən Lukaşenka, eləcə də bir sıra aparıcı məmurlar Qərbin sanksiyaları ilə üzləşiblər. Qərb onu ölkənin legitim lideri kimi tanımayıb.

Buna da bax: Belaruslu bloqer aclığı dayandırır

Müxalifət hazırda mühacirətdə yaşayan Svetlana Tixanovskayanı seçkinin qalibi hesab edir. O, seçkidən bir gün sonra təzyiqlərlə əlaqədar Litvaya gedib.

Tixanovskayanın martın 17-də ABŞ Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində dinləməyə qatılacağı, Belarusda demokratik hərəkatda qadınların “aparıcı” rolu haqda ifadə verəcəyi gözlənir.