Türkiyə 2023-cü ildə Aya ‘raket göndərəcək’

Recep Tayyip Erdoğan

Ötən ay Erdoğan Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskla türk şirkətləri ilə kosmik texnologiyalar sahəsində mümkün əməkdaşlığı müzakirə edib

Türkiyə 2023-cü ildə Milli kosmik proqramının tərkib hissəsi olaraq Aya raket göndərəcək. Bunu Prezident Recep Tayyip Erdoğan fevralın 9-da deyib.

“Beynəlxalq əməkdaşlıq vasitəsilə orbitə buraxılacaq milli raketimiz 2023-cü ilin sonunda Aya enəcək”, – Ankarada milli kosmik proqramı təqdim edən Erdoğan deyib.

O, əməkdaşlıq barədə detallı danışmayıb. Ötən ay Erdoğan Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskla türk şirkətləri ilə kosmik texnologiyalar sahəsində mümkün əməkdaşlığı müzakirə edib.

Buna da bax: SpaceX-in daha bir sınaq raketi partlayıb

Erdoğan 10 strateji məqsədi açıqlayıb, buraya Türkiyə vətəndaşını kosmosa elmi missiyaya göndərmək də daxildir. Prezidentin sözlərinə görə, Türkiyə 10 il ərzində strateji kosmik məqsədlərinə çatmağı hədəfləyir.

Türkiyə ötən ay SpaceX ilə əməkdaşlıq çərçivəsində Birləşmiş Ştatlardan orbitə Turksat 5A peykini buraxıb.

“Ayağımız yerdə, gözlərimiz isə fəzada olacaq. Kökümüz yerdə, budaqlarımız göydə olacaq”, – deyən Erdoğan əlavə edib ki, Ankara “kosmosa giriş əldə etmək üçün” beynəlxalq tərəfdaşlarla kosmodrom tikməyi planlaşdırır.