'Şimal axını-2'ni dayandırmağı tələb edirlər

Rusiyanın "Fortuna" kəmərdüzən gəmisi

Hüquqi qüvvəsi olmayan qətnamə AB-ni müxalifətçinin zəhərlənməsinə görə məsuliyyət daşıyan məmurlara sanksiyaları genişləndirərək onun həbsində əli olanları əhatələməyə çağırır

Yanvarın 21-də Avropa parlamentariləri qətnamə qəbul edərək Avropa Birliyini 'Şimal axını-2' kəmərinin tikintisini dayandırmağa çağıracaqlar. Tamamlanmaqda olan bu kəmər Rusiya qazını Qara dənizin dibiylə Almaniyaya nəql edəcək.

Avropa Parlamenti üzvləri müxalifətçi Aleksey Navalnının həbsinə görə Rusiyaya sanksiyaları genişləndirməyə çağırırlar. Navalnı zəhərlənmədən müalicə olunduğu Berlindən Moskvaya qayıdarkən saxlanıb.

Yanvarın 18-də ona 30 sutka həbs kəsilib. Müxalifətçinin daha öncəki şərti cəzanın şərtlərini pozduğu bildirilir. Onun şərti cəzası 3 il yarım real həbslə əvəzlənə bilər.

Rusiya isə Navalnının buraxılmasıyla bağlı beynəlxalq çağırışları rədd edib.

Buna da bax: İki Qərb şirkətinin də Şimal Axını 2-ni tərk edəcəyi deyilir - Qərb mediası

Sanksiyalar kimlərə tətbiq olunsun

Hüquqi qüvvəsi olmayan qətnamə AB-ni müxalifətçinin zəhərlənməsinə görə məsuliyyət daşıyan məmurlara sanksiyaları genişləndirərək onun həbsində əli olanları əhatələməyə çağırır.

Sanksiyalar “Rusiya oliqarxları”nı, Prezident Vladimir Putinin “yaxın ətrafı”nı, “media təbliğatçıları”nı da əhatə etməlidir, parlamentarilər tələb edirlər.

Qətnamədə deyilir ki, AB üzvləri “Rusiyayla müxtəlif siyasi platformalarda və 'Şimal axını-2' kimi layihələrdə əməkdaşlığı nəzərdən keçirməli, kəmərin tikintisini dərhal dayandırmalıdır”.

Qətnaməni Avropa Parlamentindəki fraksiyalar dəstəkləyir. Avropa Xalq Partiyası (EPP), liberal ALDE qrupu, Yaşıllar, Sosial Demokratlar da dəstəkləyir.

Buna da bax: Norveç şirkəti 'Şimal axını-2'-yə sertifikat verməkdən imtina edib

EPP fraksiyasının lideri və Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi Manfred Veber “Der Spiegel Online”a deyib ki, Navalnının sinir qazıyla zəhərlənməsi və həbsindən sonra enerji məsələləri masaya gətirilməlidir.

“Bu, əlimizdəki ən güclü alətdir. Şimal axını-2 daha çox təzyiqə nail olmağın yollarından biridir. Rusiyaya sadəcə, müraciət etmək yetərli deyil”, – o, səsvermədən öncə deyib.

27 üzvün razılığı lazımdır

Rusiyaya əlavə sanksiyalar üçün AB-nin 27 üzvünün yekdil razılığı lazımdır.

Buna da bax: Kreml qaz kəmərini Navalnı məsələsinə bağlamamağa çağırır

AB-nin xarici işlər nazirləri məsələni gələn həftə müzakirə edəcəklər, ancaq Navalnıyla bağlı hüquqi proseduralar bitməyənəcən konkret qərarlar verilməyə bilər.

'Şimal axını-2'ni dayandırmaq üçün Almaniya hökumətinə təzyiq artır. Bu kəmər Rusiyadan Almaniyaya çəkilmiş 'Şimal axını' qaz kəmərinin gücünü ikiqat artırmalıdır.

ABŞ hökuməti, AB-nin bəzi üzvləri kəmərin tamamlanmasını önləməyə çalışırlar. Onların mövqeyincə, bu layihə Rusiyanın Avropanın enerji təchizatında rolunu gücləndirəcək, Ukraynanın Rusiya qazı üçün tranzit ölkə rolunu kəsəcək.

Yanvarın 19-da Birləşmiş Ştatlar Rusiyanın kəmərdüzən gəmisinə sanksiya tətbiq edib. Kəmər 94 faiz tamamlanıb.

Tənqidlərin artmasına baxmayaraq, Almaniyanın İqtisadiyyat Nazirliyi yanvarın 20-də bəyan edib ki, layihəylə bağlı planları “dəyişməyib”.