Jurnalist təqsirli bilindi, amma həbs olunmadı

Svetlana Prokopyeva

Rusiyada məhkəmə jurnalist Svetlana Prokopyeva-nı “terrorçuluğu əsaslandırmaq”da təqsirli bilib və 500 min rubl (6 min 950 dollar) cərimə kəsib.

Pskovdakı məhkəmə qərarı iyulun 6-da elan edib.

***

İyulun 6-da Rusiya məhkəməsi jurnalistə qarşı hökm çıxarmalıdır. Bu iş insan haqları qruplarının, jurnalisti dəstəkləyənlərin qəzəbinə səbəb olub.

Rusiyanın qərbindəki Pskov şəhərində dövlət ittihamçısı jurnalist Svetlana Prokopyeva-ya altı il həbs cəzası istəyib. O, intiharçı bomba hücumunu ölkənin siyasi mühitiylə əlaqələndirməklə “terrorçuluğu əsaslandırmaq”da ittiham olunur.

“Söz azadlığını qətlə yetirmək”

Prokopyeva-nın həmçinin dörd il müddətinə jurnalistikadan uzaqlaşdırılması istənilir. İttihamda yeddi ilədək həbs cəzası nəzərdə tutulub.

AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidmətilə əməkdaşlıq edən Prokopyeva məhkəmə boyunca günahsız olduğunu deyib, bu məhkəmə işini Rusiyada “söz azadlığını qətlə yetirmək” cəhdi adlandırıb.

“Hökuməti tənqid etməkdən qorxmuram”, – Prokopyeva iyulun 3-də məhkəmədə son sözündə deyib. “Hüquq-mühafizə orqanlarını tənqid etməkdən, təhlükəsizlik orqanlarına yanlış hərəkət etdiklərini deməkdən qorxmuram. Çünki mən danışmasam – heç kəs danışmasa, vəziyyətin həqiqətən necə dəhşətli olacağını bilirəm”, – jurnalist sözlərinə əlavə edib.

Buna da bax: Rusiyalı jurnalist 7 il həbsə məhkum edilə bilər

O, məhkəmədən onun taleyilə bağlı qərar çıxararkən “cəmiyyətimizin üstündə dayandığı ən təməl prinsipləri” nəzərə almağa çağırıb.

“Söz azadlığını, jurnalist statusunu, mətbuatın missiyasını nəzərdə tuturam. Mən işimi görmüşəm. Peşəkar borcumdan kənar heç nə etməmişəm. Və bu, cinayət deyil”, – o deyib.

Prokopyeva nə yazıb

Prokopyeva 2018-ci ilin noyabrında “Exo Moskvı” radiosunun Pskov filialı tərəfindən dərc olunan şərhilə əlaqədar ittiham olunub. O, məqaləsində Arxangelsk şəhərində Federal Təhlükəsizlik Xidməti (FSB) binası qarşısındakı bomba hücumunu müzakirə edib.

Rusiya mediası yazırdı ki, partlayış zamanı həlak olmuş şübhəli intiharçı sosial mediada yerləşdirdiyi bəyanatlarda FSB-ni cinayət işlərinə müdaxilədə ittiham edib.

Buna da bax: Rusiyanın yeni konstitusiyasının mətni ‘Prezidentin Konstitusiyası’adı altında dərc olunub

Prokopyeva şərhində yeniyetmənin bəyanatlarını Prezident Vladimir Putin-in rəhbərliyi altındakı siyasi mühitlə əlaqələndirib. Jurnalist yazıb ki, ölkədə siyasi fəallıq kəskin şəkildə məhdudlaşdırılıb, bu da insanları məyus edir.

“Rusiya prokurorların iddia etdiyinin əksini etmiş, tanınmış müstəqil jurnalistə qarşı qəddar addım atarsa biz məyus olarıq”, – AzadlıqRadiosu-nun prezidenti vəzifəsini icra edən Daisy Sindelar iyulun 3-də deyib.

Sindelar jurnalistin şərhində faciəni izah etməyə çalışdığını vurğulayıb.

30-dan artıq rusiyalı jurnalist də Prokopyeva-nı dəstəkləyən bəyanatlar veriblər.

İyulun 3-də Avropa Birliyinin sözçüsü Peter Stano bu cinayət işini ləğv etməyə çağırıb, bunu Rusiyada “müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti üçün getdikcə daralan mühitin” əlaməti adlandırıb.

“Human Rights Watch” insan haqları təşkilatı Prokopyeva-ya qarşı cinayət təqibini söz azadlığının pozulması kimi dəyərləndirib, ancaq “təkcə onun deyil”.

ATƏT, Sərhədsiz Reportyorlar Təşkilatı, Jurnalistləri Müdafiə Təşkilatı və Avropa Jurnalistlər Federasiyası jurnalistə qarşı cinayət işini tənqid edib.