İranlı dissidentin qətlində Tehranın ‘birbaşa əli var’

İstanbulda İran konsulluğu, arxiv fotosu

Vaşinqton inanır ki, İranlı dissidentin noyabrda Türkiyədə güllələnib öldürülməsində Tehranın göstəriş verdiyi agentlər “birbaşa iştirak ediblər”. Bunu ABŞ-ın aparıcı rəsmisi “Reuters” agentliyinə deyib.

İranın keçmiş kəşfiyyat əməliyyatçısı olan Masud Molavi Vardanjani noyabrın 14-də İstanbulda öldürülüb. O, İran rəsmilərinin yol verdiyi iddia olunan korrupsiyanı ifşa edirdi.

“İranın dissidentləri hədəfə alaraq öldürməsi tarixçəsini və Türkiyədə işlənən metodları nəzərə alaraq, Birləşmiş Ştatlar hökuməti inanır ki, Vardanjani-nin qətlində İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin birbaşa əli olub”, – ABŞ administrasiyasının aparıcı rəsmisi anonimlik şərtilə agentliyə deyib.

Buna da bax: 80 yaşlı britaniyalı ölkəsinə qayıdıb

Pompeo hələ noyabrda tvitində yazırdı ki...

“Reuters” ötən həftə Türkiyənin iki rəsmisinə istinadla yazırdı ki, İstanbuldakı İran konsulluğunun iki kəşfiyyat məmuru qətli təhrik edib.

ABŞ-ın Dövlət katibi Mike Pompeo aprelin 1-də tvitində dissidentin qətlində iranlı diplomatların əli olması haqda xəbərlərdən narahatlığını bildirib. Vardanjani-nin adını çəkməyən Pompeo deyib ki, bu məlumatlar iranlı diplomatların tapşırıqlarına “tam uyğundur”.

Pompeo hələ noyabrda deyirdi ki, Vardanjani-nin qətli iranlı dissidentlərin “İranın dəstəklədiyi qətl cəhdlərinə daha bir faciəvi misaldır”. O, detallara varmamışdı.

Vardanjani 2018-ci ilin iyununda İstanbula qaçıb, onunla bağlı İranda istintaq başlamışdı.

Türkiyə polisi ötən ay açıqladığı hesabatda Vardanjani-nin “qeyri-adi profil”ə malik olduğunu, onun rejimin tənqidçisinə çevrilməzdən öncə İran Müdafiə Nazirliyinin kiber-təhlükəsizlik bölməsində çalışdığını qeyd edib.

Son illər Vaşinqtonla Tehranın münasibətləri daha da pisləşib. Prezident Donald Trump 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq sanksiyalar tətbiq etməyə başlayıb. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.