Gazprom Şimal axını-2 kəmərini təkbaşına tamamlayacağını deyir

Allseas şirkətinə məxsus gəmi Şimal axını-2 üçün kəmər çəkir

Rusiyanın Gazprom dövlət şirkəti Baltik dənizinin dibiylə Şimal axını-2 qaz kəməri layihəsini xarici şirkətlərinin köməyi olmadan, özü tamamlayacağını deyir.

“94 faizi tamamlanmış Şimal axını-2 layihəsi Rusiya tərəfindən başa çatdırılacaq”, – Gazprom rəhbərinin müavini Yelena Burmistrova-nın yanvarın 28-də Vyanada Avropa Qaz Konfransında jurnalistlərə dediyi bildirilir.

Ötən ay Birləşmiş Ştatlar Rusiyadan Almaniyaya çəkilən təbii qaz kəməri layihəsi üzərində işləyən xarici firmalara sanksiyalar tətbiq edib.

Buna da bax: Rusiyadan asılılığı azaltmaq üçün qaz kəməri çəkəcəklər

Mümkün variantlar

Bu sanksiyalar layihənin tamamlanma cədvəlini geri çəkmiş olub. Rusiya rəsmiləri kəmərin işə düşməsi üçün müxtəlif tarixlər səsləndirirlər – 2020-ci ilin sonundan 2021-ci ilin əvvəli mümkün tarixlər kimi çəkilir.

Gazprom-un layihəni beynəlxalq yardım olmadan necə tamamlayacağı aydın deyil. “Financial Times” yazır ki, mümkün variantlar sırasında Gazprom və Rusiyanın digər boruçəkən podratçılarına məxsus gəmilərdən istifadə də var.

Kəmərin çəkilişində Finlandiya, İsveç və Danimarka şirkətləri iştirak edirdilər və onlar heç də layihə konsorsiumuna üzv deyillər.

Sanksiya ilə üzləşən iki çox vacib şirkət İsveçrənin Allseas boruçəkən və sualtı tikinti şirkəti və İtaliyanın Saipem kəmər podratçısıdır.

Bu kəmər tamamlanandan sonra Şimal axını-1 kəmərilə birlikdə Rusiyanın Avropaya qaz nəql etməkdən ötrü Ukraynanın kəmər şəbəkəsindən asılılığını aradan qaldıracaq.

Tərəflər dekabrın sonunda beş illik, 7 milyard dollarlıq qaz nəqli razılaşması imzalayıblar.

Bu kontrakta uyğun olaraq Kiyev minimum 65 milyard kubmetr qaz nəql edəcək. Bu, 2018-ci ildəkindən 22 milyard kubmetr azdır. 2021-24-cü illərdə minimum həcm 40 milyard kubmetrədək düşəcək.