Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:40

Rusiyadan asılılığı azaltmaq üçün qaz kəməri çəkəcəklər


(soldan sağa) Nicos Anastasiades, Kyriakos Mitsotakis və Benjamin Netanyahu
(soldan sağa) Nicos Anastasiades, Kyriakos Mitsotakis və Benjamin Netanyahu

Yunanıstan, Kipr və İsrail Aralıq dənizinin şərqindən Avropaya təbii qaz daşıyacaq 1900 kilometrlik sualtı kəmərin tikintisi üzrə razılaşma imzalayıblar. Məqsəd həm də qitənin Rusiyadan enerji asılılığını azaltmaqdır.

Yanvarın 2-də Afinada keçirilən mərasimdə Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis, İsrailin Baş naziri Benjamin Netanyahu və Kipr Prezidenti Nikos Anastasiades iştirak edərək “EastMed” layihəsi üzrə razılaşmanı imzalayıblar.

Bu il Rusiya da Avropaya qaz daşıyacaq iki kəməri – Türk axını və Şimal axını-2 kəmərlərini işə salmalıdır. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə birlikdə yanvarın 8-də TürkAxını kəmərini açmalıdırlar.

Aralıq Dənizi Axını (MedStream) layihəsinə qoşulmuş üç ölkə isə növbəti mərhələdə investorları cəlb etməlidirlər. Onlar 2022-ci ilədək yekun investisiya qərarını əldə etməyə, 2025-ci ilədək kəməri tamamlamağa ümidlidirlər.

Avropa hökumətləri və İsrail ötən il bu layihəni həyata keçirməyə razılaşıblar. Layihə 7 milyard dollar civarında dəyərləndirilir.

Kəmərin ilkin mərhələdə ildə 10 milyard kubmetr qazı İsraildən və Kipr sularından keçərək Yunanıstanın Krit adasına nəql edəcəyi gözlənir. Daha sonra qaz Yunanıstanın əsas hissəsinə, oradan İtaliya ərazisindən Avropanın qaz şəbəkəsinə çatdırılacaq.

Türkiyənin mövqeyi

Türkiyə “EastMed” kəmərinə qarşı çıxıb, özünün iştirakı və təsdiqi olmadan Aralıq dənizinin şərqində bu cür layihələrin həyata keçirilməsinə imkan verməyəcəyini deyib.

Ankara həm də bu üç ölkəni Türkiyəni mühasirəyə almaq cəhdində suçlayıb. Yunanıstan və Kiprin Türkiyə ilə münasibətləri tarixən xoş olmayıb, İsrailin də Ankarayla çətinlikləri var.

Birləşmiş Ştatlar və Avropa Birliyi isə layihəni dəstəkləyir. Vaşinqton Avropanı Rusiyadan təbii qaz təchizatından asılılığımı azaltmağa çağırır.

Rəsmilər ümid edirlər ki, bu razılaşma Yaxın Şərqdə təbii qaz sektoruna əlavə investisiya cəlb edəcək.

Rəqib TürkAxını layihəsi Rusiyadan Türkiyədə ilə maksimum 31,5 milyard kubmetr qaz nəql edəcək. Sonradan qazın bir hissəsi Yunanıstan ərazisindən Avropaya daşınacaq.

Rusiya ilin sonunadək Baltik dənizinin dibiylə Almaniyaya Şimal axını-2 kəmərini işə salmağa ümid edir.

“EastMed” kəməri Balkanların qaz bazarı uğrunda “TürkAxını”na rəqib ola bilər.

ABŞ-ın Dövlət katibi Mike Pompeo yanvarın 7-də “EastMed”in müzakirəsindən ötrü Kiprə səfər etməliydi, amma Bağdaddakı ABŞ səfirliyinə hücumlara görə səfər təxirə salınıb.

ABŞ Konqresinin ötən ay qəbul etdiyi qanun layihəsi Şərqi Avropada enerji infrastrukturu layihələrinə dəstək məqsədilə 1 milyard dollar ayrılmasını nəzərdə tutur. Məqsəd regionun Rusiyadan asılılığını azaltmaqdır.

XS
SM
MD
LG