Pashinian-ın Trump-ı təbrik etdiyini yazdı, saxlandı

Nikol Pashinian (sağdan üçüncü) İsfahanda tarixi məscidə baş çəkir, fevral, 2019-cu il

Ermənistanda bir nəfər Facebook postuna görə həbs olunub. Həmin şəxs iddia etmişdi ki, Baş nazir Nikol Pashinian İranın aparıcı hərbi komandirinin qətlinə görə ABŞ Prezidenti Donald Trump-ı təbrik edib.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNB) yanvarın 5-də saxlanan şəxsin videosunu yayıb. Məlumatda bildirilir ki, hakimiyyət saxta informasiya yayaraq ölkənin milli təhlükəsizliyinə ziyan vuran sosial media istifadəçilərini müəyyənləşdirib.

İddia Facebook-da özünü Diana Arutyunian kimi təqdim edən bir kişinin yaratdığı səhifədə irəli sürülüb.

Yanvarın 3-də İranın Qüds qüvvələrinin komandiri Qasem Soleimani Bağdad Beynəlxalq Aeroportu yaxınlığında ABŞ-ın raket zərbəsində öldürülüb. Elə Pashinian-ın guya Trump-ı təbrik etməsi iddiası da bundan sonra səsləndirilib.

Pashinian iddianı “saxta xəbər” adlandırıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, iddianın məqsədi “milli, irqi və dini ədavəti qızışdırmaq” olub. Məlumatda həmin iddianın Azərbaycan və İran mediasında yayıldığı vurğulanır.

Buna da bax: ABŞ-İran təhdidlərinin axırı necə olacaq – Qərb mediası

SNB cinayət işinin açıldığını bildirir. Ancaq saxlanan şəxsin kimliyi açıqlanmayıb.

SNB-nin yaydığı videoda saxlanan kişi etiraf edir ki, səhifəni 2018-ci ildə açıb və Pashinian barədə saxta iddianın yayılmasına görə məsuliyyət daşıyır.

Pashinian iddianı Facebook postunda rədd edərək “saxta xəbər” adlandırır. Ermənistan lideri Birləşmiş Ştatları və İranı Soleimani-nin qətlindən sonra yaranmış gərginlik şəraitində təmkinli davranmağa çağırıb.

Ermənistan həm İran, həm də Birləşmiş Ştatlarla sıx münasibətlər saxlayır.

Yanvarın 3-də Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq İranla Birləşmiş Ştatlar arasında son insidentlərin “regionda təhlükəsizliyə zərbə vurduğunu, Yaxın Şərqdə vəziyyəti sabitsizləşdirdiyini” vurğulayıb.

Nazirlik hər iki tərəfi gərginliyi “müstəsna olaraq sülh yoluyla” azaltmağa çağırıb.