Ankara NATO-dan ‘çıxmayacaq’

Hulusi Akar

Türkiyə NATO-nun əsas üzvüdür və hərbi alyansı tərk etmək niyyəti yoxdur. Bu açıqlama ilə Müdafiə naziri Hulusi Akar dekabrın 15-də Qətərdə 2019-cu il Doha qlobal təhlükəsizlik forumundan çıxış edib.

Münhen Təhlükəsizlik Konfransının sədri Wolfgang Ischinger nazirdən Türkiyənin Rusiyada təkmil raket sistemi almaq səbəbini soruşub. Akar bu suala cavabında Ankaranın NATO missiyasına sadiq qaldığını vurğulayıb.

“Biz NATO-da qalırıq və heç yerə getmirik. Ankaranın mövqeyi belədir ki, hərbi-siyasi blokda üzvlük dəyişməz qalır”, – o deyib.

Akar əlavə edib ki, Türkiyə alyans çərçivəsində uyğun tapşırıqlarının icrasını davam etdirəcək:

“Türkiyənin, Qətər daxil, NATO üzvü olmayan digər ölkələrlə əlaqələri alyansın maraqlarına zidd deyil. Doha ilə bütün sahələrdə təcrübə və potensial paylaşırıq. Digər ölkələrlə əməkdaşlıq siyasəti NATO-ya, yaxud AB ilə yaxınlaşmağa alternativ deyil”.

Buna da bax: Erdogan ABŞ bazasını bağlamaqla hədələyir

Xatırlatma

Türkiyədə 2016-cı il dövlət çevrilişinə uğursuz cəhddən sonra Ankaranın NATO üzvü Birləşmiş Ştatlarla münasibətləri pisləşib. Erdogan həmin hadisələrə görə ABŞ-da yaşayan vaiz Fethullah Guleni günahkar bilib.

Erdogan Rusiyadan S-400 raket sistemi almaq planını açıqlayınca gərginlik daha da artıb. Bu sistem NATO-nun müdafiə qabiliyyətinə uyğunsuz sayılır.

Türkiyə silahlı qüvvələrinin oktyabrda Suriyaya girərək ABŞ-la müttəfiq kürd yaraqlıları hədəfə alması Konqresin respublikaçı və demokrat üzvlərinin tənqidinə səbəb olub.

ABŞ Senatının komitəsi ötən həftə Türkiyəyə sanksiyalar nəzərdə tutan qanunvericiliyi dəstəkləyib.

Prezident Donald Trump-ın Erdogan-ı sərt tənqid etməməsi isə konqresmenləri məyus edib.

Ötən həftə Konqres bir əsr qabaq Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsini “soyqırımı” kimi tanına qətnamənin qəbulunu yekunlaşdırıb. Bu addım Ankaranı qəzəbləndirib.