Türkiyə prezidenti ABŞ və NATO-nun istifadə etdiyi iki strateji hərbi bazanı bağlamaqla hədələyib. Recep Tayyip Erdogan dekabrın 15-də A Haber TV-yə müsahibəsində deyib ki, Türkiyənin Rusiyadan zenit-raket sistemi almasına görə Vaşinqton sanksiya tətbiq edərsə, bu addım atıla bilər.
“Lazım gələrsə, Incirlik və Kurecik bazalarını bağlaya bilərik”, – Erdogan deyib.
Incirlik Hava bazası onillərdir ABŞ və NATO qüvvələrinin yararlandığı strateji obyektdir. Kurecik bazasında isə NATO-nun böyük radar stansiyası yerləşir.
Erdogan-ın dediklərinin sadəcə təhdid olduğu, yaxud həqiqətən belə bir niyyətini göstərdiyi bəlli deyil.
Türkiyədə 2016-cı il dövlət çevrilişinə uğursuz cəhddən sonra Birləşmiş Ştatlarla münasibətlər pisləşib. Erdogan həmin hadisələrə görə ABŞ-da yaşayan vaiz Fethullah Guleni günahkar bilib.
Erdogan Rusiyadan S-400 raket sistemi almaq planını həyata keçirdikcə münasibətlər daha da pisləşib. Vaşinqtonun mövqeyincə, bu sistem Incirlik-dən istifadə edən ABŞ-ın F-35 qırıcılarına təhdid yaradır.
Türkiyə silahlı qüvvələrinin oktyabrda Suriyaya girərək ABŞ-la müttəfiq kürd yaraqlıları hədəfə alması Konqresin respublikaçı və demokrat üzvlərinin tənqidinə səbəb olub.
ABŞ Senatının komitəsi ötən həftə Türkiyəyə sanksiyalar nəzərdə tutan qanunvericiliyi dəstəkləyib.
Prezident Donald Trump-ın Erdogan-ı sərt tənqid etməməsi isə konqresmenləri məyus edib.