Cəmi 300 avroya 3 min 500 şərh, 25 min 650 ‘like’ və...

İllüstrativ foto

Sosial media platformaları manipulyasiyanı ‘nizamlaya bilmir’

Dünyanın ən böyük sosial media şirkətləri informasiya ilə manipulyasiyanı nizamlaya bilmir. Bu haqda NATO-ya bağlı hesabatda söz açılır.

NATO-nun Strateji Kommunikasiya Elmi İnnovasiya Mərkəzinin hazırladığı hesabat dekabrın 6-da açıqlanıb. Hesabatda deyilir ki, sosial mediadan manipulyasiya seçkilərə təsir göstərməyə, ictimai fikri qütbləşdirməyə, legitim siyasi diskussiyalardan yayınmağa çalışan opponentlər üçün yeni cəbhəyə çevrilib.

Bu hesabat Britaniya və ABŞ-da seçki hazırlıqları getdiyi bir dönəmdə açıqlanıb. Bu və digər ölkələr seçki prosesində sosial mediadan sui-istifadə hallarının təkrarlanmasını istəmirlər. 2016-cı ildə ABŞ-da prezident seçkisinə, elə həmin Britaniyada Avropa Birliyindən çıxmaqla bağlı referendumun nəticələrinə belə manipulyasiyanın təsir göstərdiyi iddiaları var.

Buna da bax: Twitter siyasi reklamları qadağan edir

Tədqiqatçılar dörd aylıq eksperiment zamanı Facebook, Instagram, YouTube və Twitter-ə pulla fəaliyyət göstəriblər və manipulyasiya xidməti provayderlərini işə salaraq nə baş verdiyini izləyiblər.

Onların sözlərinə görə, bu provayderlər sayəsində ziyanlı fəaliyyət adətən sezilmir və bu da pisniyyətli tərəflərin demokratik prosesə müdaxilə imkanlarını artırır.

Ucuz və asan manipulyasiya...

“Son iki ildə apardığımız bu eksperiment və bir sıra digər araşdırmalara əsasən deyə bilərik ki, Facebook, Instagram, Twitter və YouTube platformalarında etibarsız davranışlar adekvat mübarizə apara bilmirlər”, – araşdırmada deyilir.

“Özünü tənzimləmənin effekti yoxdur. Manipulyasiya sənayesi ildən ilə artır. Sosial mediada irimiqyaslı manipulyasiya aparmağın getdikcə daha bahalı və daha çətin işə çevrildiyini görmürük”, – hesabatda vurğulanır.

Buna da bax: Facebook 5,4 milyard hesabı bağladığını deyir

Tədqiqatçılar dörd platformada 3 min 500-dən artıq şərh, 25 min 650 bəyənmə, 20 min baxış və 5 min 100 izləyicini cəmi 300 avroya (330 dollar) əldə etdiklərini deyirlər.

Təxminən 19 min hesabın həqiqi olmadığı, yəni məhz sui-istifadə olunduğu müəyyənləşib.

NATO-nun StratCom hesabatının gəldiyi qənaətə görə, “daha mənalı kriteriya”ya əsaslanan yeni standartlar və tələblər qoyulmalıdır, eləcə də sosial media platformalarına “yaxşı resurslara söykənən” nəzarət lazımdır.

Sənəddə sosial media platformaları ilə bağlı şəffaflığın artırılmasına, bazarı sosial media manipulyasiyasına uyğun tənzimləməyə çağırış var.

NATO-da akkreditə olunmasına baxmayaraq, StratCom alyansın idarəetmə strukturuna daxil deyil.