Rusiyada ‘suveren internet’ qanunu qüvvəyə minir

Tatarıstanda Runetin təcridinə etiraz aksiyası, arxiv fotosu

Noyabrın 1-dən Rusiyada ziddiyyətli internet qanunu qüvvəyə minir. Tənqidçilər bu qanunun hökumətə onlayn nəzarəti genişləndirmək imkanı verdiyini deyirlər.

Bu ilin əvvəlində parlamentin qəbul etdiyi və Prezident Vladimir Putinin imzaladığı qanunda provayderlərdən tələb olunur ki, Rusiyada veb trafiki hökumətin nəzarətindən keçirməyə imkan verən avadanlıq quraşdırsınlar.

Rusiyada yerli domen-ad sisteminin yaradılması üçün də şərtlər qoyulur.

Qanunvericilik tərəfdarlarının fikrincə, bu sənəd internetin Runet kimi tanınan Rusiya seqmentini daha müstəqil edəcək. Onların fikrincə, bu, Rusiyanı potensial kiberhücumlardan qorumaqdan ötrü vacibdir.

Buna da bax: RBK: Rusiya internet trafikin filtrasiyasını sınaqdan keçirir

Ancaq tənqidçilər xəbərdarlıq edirlər ki, qanun İnternetin böyük hissəsini senzuraya məruz qoyacaq, internet istifadəçilərinin Rusiya kəşfiyyat agentlikləri tərəfindən daha artıq nəzarətdə olmasına imkan verəcək.

Bir çoxlarının fikrincə, hökumətin məqsədi internetdən etirazların təşkili, vətəndaş itaətsizliyinin həvəsləndirilməməsi üçün istifadəsini önləməkdir.

Rusiya rəsmiləri deyirlər ki, bu qanunvericilik Birləşmiş Ştatların Runeti sıradan çıxarmasını önləməkdən ötrü qoruyucu addımdır.

Qanuna görə, Rusiya rəsmiləri onlayn təhlükəsizliyə təhdid görərsə, dövlət mediasına nəzarət orqanı olan Roskomnadzor provayderlərə xəbərdarlıq etmədən Rusiyada internetə nəzarəti ələ keçirə, ölkədə İnternet trafikini filtrasiya edə bilər.