Ukrayna Zolotedən hərbçilərini çıxarır

Volodymyr Zelenskyy oktyabrın 26-da Zolotedə olub

Ukraynanın Xarici işlər naziri Vadym Prystayko deyir ki, şərqi Luqansk regionunun Zolote şəhərindən hərbçilərin çıxarılması başlanıb. Ukraynanın silahlı qüvvələri beş ildən çoxdur Luqanskda Rusiyanın dəstəklədiyi separatçılarla vuruşur.

“Çıxarılma indi başlanır, biz prosesə bu gün başlayırıq”, – Prystayko oktyabrın 29-da Mariupol şəhərində başlanan investisiya forumunda deyib. O əlavə edib ki, proses ATƏT missiyasının hazırlıqlarından dolayı yubanıb.

Prystayko qeyd edib ki, Zolotedən çıxmaq prosesi bitən kimi Kiyev yaxınlıqdakı Petrivske şəhərindən qüvvələrini çıxarmağa başlayacaq.

Ukrayna Prezidenti Volodymyr Zelenskiy Steinmeier formula adlanan bu planı oktyabrın əvvəlində qəbul edib.

Buna da bax: Ukrayna şəhərlərində Steinmeier formuluna etiraz edirlər

Normandiya sammiti noyabrda keçirilə bilər

Steinmeier formula Minsk razılaşması kimi tanınan sülh sazişlərini canlandırmaq məqsədi güdür. Daha bir hədəf son üç ildə ilk dəfə olaraq Ukrayna münaqişəsi üzrə ilk beynəlxalq sammit keçirməkdir.

Zelenskiy-nin plana dəstəyi sağ qanad, bəzi veteran qruplarını, fəalları narazı salıb.

Zelenskiy oktyabrın 10-da jurnalistlərə deyib ki, 2016-cı ildə Almaniyanın ovaxtkı xarici işlər naziri Frank-Walter Steinmeier-in təklif etdiyi bu plan separatçıların nəzarətində olan ərazilər üçün “xüsusi status” qanununa salınacaq. Qanun Normandiya formatı adlanan Ukrayna, Almaniya, Fransa və Rusiya sammitindən sonra hazırlanmalıdır.

Prystayko oktyabrın 29-da deyib ki, Normandiya danışıqlarının noyabrda keçiriləcəyinə ümid edir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutub, ölkənin şərqindəki Luqansk və Donetsk regionlarında separatçı hərəkatı dəstəkləməyə başlayıb. Bundan öncə isə Kreml-pərəst prezident Viktor Yanukovych devrilmişdi. Elə həmin il qərbyönlü Petro Poroshenko prezident seçilib.

2014-cü ilin aprelindən bəri münaqişədə 13 mindən çox ölən olub.

Moskva isə Kiyevin vətəndaş müharibəsilə üzləşdiyini deyir, ciddi dəlillərə baxmayaraq üsyançıları maliyyələşdirmədiyini, onlara təlim keçmədiyini bildirir.