Milli Məclisin fövqəladə toplantısı istənilir

A.Nağı

Bu gün, avqustun 9-da Qarabağ Azadlıq Təşkilatı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə Dağlıq Qarabağla bağlı Milli Məclisin fövqəladə toplantısı və prezidentlə geniş tərkibdə görüş istənilir.

Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Müraciətdə qeyd edilir ki, hazırda Qarabağ münaqişəsi ətrafında baş verənləri heç də təsadüf saymırlar:

Buna da bax: Paşinyan Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb

«...Torpaqlarımızın azad olunması üçün cəmiyyətin bütün qüvvələrinin konsolidasiya olunmasına, səfərbər olunmasına, vahid mövqenin formalaşdırılmasına ehtiyac var... Birincisi, təklif edirik ki, Milli Məclisin fövqəladə toplantısı çağırılsın. Bu toplantıda cəmiyyətin bütün qüvvələrinin, ... iştirakı ilə geniş Qarabağ müzakirələri keçirilsin, təkliflər irəli sürülsün. İkincisi, Azərbaycan prezidentinin iqtidarda və müxalifətdə olan, həmçinin ictimai rəyə təsir etmək imkanı olan bütün qüvvələrlə görüşünün keçirilməsini təklif edirik».

Müraciətə, hələlik, Prezident Administrasiyası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlər işğal edilmiş Dağlıq Qarabağa səfəri və orada səsləndirdiyi fikirlər Azərbaycanda mənfi reaksiya doğurub. Buna həm rəsmi, həm də ictimai səviyyədə təpkilər davam etməkdədir. N.Paşinyan avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib. O vurğulayıb ki, «Dağlıq Qarabağ Ermənistandır».

Buna da bax: Siyasətçilər Qarabağ məsələsini müzakirə edib

Buna cavab olaraq da Azərbaycan rəsmiləri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və əzəli torpağı olduğunu bəyan ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi isə bundan sonra bəyanat verərək, N.Paşinyanın açıqlamalarını Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyətinə zidd sayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.