Ermənistanın baş naziri Nikol Pashinian-ın işğal edilmiş Dağlıq Qarabağa səfəri və orada səsləndirdiyi fikirlər Azərbaycanda mənfi reaksiya doğurub.
Buna həm rəsmi, həm də ictimai səviyyədə təpkilər davam etməkdədir.
Bu gün, avqustun 8-də Bakıda bir sıra ictimai fəallar və müxalif siyasətçilər bu məsələləri müzakirə ediblər.
Müzakirədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu, AXCP sədri Əli Kərimli, Qarabağ Komitəsinin təmsilçisi İlham İsmayıl, Milli Şura üzvü Gültəkin Hacıbəyli və ekspertlər iştirak edib.
Fikir mübadiləsi zamanı danışıqlar prosesinin vəziyyəti, əlaqədar tərəflərin (münaqişə iştirakçıları və vasitəçilər) yanaşmaları və maraqları dəyərləndirilib. Habelə orada, Ermənistanda vəziyyət, Nikol Pashinian-ın açıqlamaları, rəsmi Bakının mövqeyi, ictimaiyyətin reaksiyası və regional təhlükəsizliyin aspektləri nəzərdən keçirilib.
Görüş iştirakçıları münaqişənin ədalətli və Azərbaycanın mənafeyinə uyğun nizamlanması ətrafında siyasi fonu yaxşılaşdıra biləcək bəzi məsələlərə dair ümumi fikir ifadə ediblər. Onlar Avropa İttifaqı ilə münasibətlərin intensivləşdirilməsi və vətəndaş cəmiyyətinin nizamlanma yollarının axtarışı prosesinə cəlb edilməsini vacib sayıblar.
Görüş iştirakçıları daha geniş ekspert birliyinin iştirakı ilə münaqişənin nizamlanması istiqamətində tədbirlər paketinin hazırlanmasının vacibliyi barədə razılığa gəliblər.
Xatırlatma
Ermənistanın baş naziri Nikol Pashinian Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib.
Nikol Pashinian Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb. O deyib ki, Dağlıq Qarabağ Ermənistandır.
Buna cavab olaraq da Azərbaycan rəsmiləri Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və əzəli torpağı olduğunu bəyan ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bundan sonra bəyanat verərəkPashinian-ın açıqlamalarını Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyətinə zidd sayıblar.
Sənəddə vurğulanıb ki, bu, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.