Gulnara Karimova-ya 350 milyon dollar rüşvət verməkdə suçlananlar məhkəməyə çıxarılır

Gulnara Karimova

Sentyabrın 4-də Stokholm məhkəməsində Telia (keçmiş TeliaSonera) telekommunikasiya şirkətinin keçmiş rəhbərlərinin işi üzrə proses başlanacaq. Həmin şəxslər Özbəkistanın mərhum prezidenti Islam Karimov-un böyük qızı Gulnara Karimova-ya 350 milyon dollar rüşvət verməkdə ittiham olunurlar.

Məlumatı AzadlıqRadiosunun özbək xidməti İsveçdə prokurorluq və məhkəmə təmsilçilərindən əldə edib.

Özbəkistan, ABŞ və Avropanın bir sıra ölkələrində telekommunikasiya şirkətlərindən bir neçə milyonluq rüşvət almaqda suçlanan Gulnara Karimova, eləcə də onun vasitəçiləri və yardımçıları məhkəmədə iştirak etməyəcəklər.

Məhkəmənin ilk iclasında ittiham aktı elan olunacaq, proses sentyabrın 19-21-də davam edəcək.

***Buna da bax: Gulnara Karimova məhkəməni uduzdu

Müttəhimlər kürsüsündə 2003-2007-ci illərdə Telia-nın maliyyə direktoru və vitse-prezidenti olmuş Tero Kivisaari, eləcə də şirkətin keçmiş icraçı direktoru Lars Nyuberg və Avrasiya biznes istiqamətləri üzrə baş müşaviri Uli Tuima əyləşəcək.

Gulnara Karimova barədə proqramın banneri

"KARİMOVA-NIN GÜNAHI SÜBUT OLUNUB"

İsveç baş prokurorluğunun korrupsiyayla mübarizə idarəsinin direktoru Gunnar Stetler hər 3 şəxsi Gulnara Karimova-ya 350 milyon dollar rüşvət verməkdə ittiham edir. Rüşvətin Telianın Ucell adıyla Özbəkistan bazarına çıxması, yəni hakimiyyətdən “müdafiə” olunması əvəzində verildiyi bildirilir.

İsveç tarixində ən böyük korrupsiya sxemində, Telianın keçmiş rəhbərlərindən rüşvət almaqda suçlanan özbəkistanlılar da məhkəməyə getməyəcəklər.

Gunnar Stetler “Ozodlik” radiosuna müsahibəsində deyib ki, Karimova-nın və köməkçilərinin məhkəmədə iştirakı elə də vacib deyil, çünki Karimova-nın rüşvət almaqda günahı praktiki sübut olunub.

Məndən ötrü ən vacibi məhkəmədə Telia-nın keçmiş rəhbərlərinin Karimova-ya milyonlarla dollar rüşvət verdiyini sübuta yetirməkdir”, – o deyib.

Səhmlərinin 37 faizi İsveç hökumətinə məxsus Telia şirkəti daha öncə Karimova-ya 331 milyon dollar rüşvət verilməsində təqsirini boynuna alıb, ABŞ-ın Ədliyyə Nazirliyi ilə məhkəməyə qədər müqavilə bağlayıb, 965 milyon dollar cərimə ödəməyə razılaşıb.

Özbəkistan Baş Prokurorluğu ötən il iyulun 28-də keçmiş prezident Islam Karimov-un qızına başladılmış cinayət işinin detallarını açıqlayıb. Karimova-nın 2015-ci ildə bir sıra maliyyə cinayətlərində təqsirli bilinərək 5 illik həbsə məhkum edildiyi bəlli olub. Onun korrupsiya sxemindəki əsas köməkçiləri olan Gayane Avakian və Rustam Madumarov hazırda Özbəkistanda həbsxanadadırlar.