Rohani Putinlə ABŞ-ın İranla nüvə sazişindən çıxmasını müzakirə edəcək

Hassan Rohani

İran prezidenti Hassan Rohani deyib ki, Rusiya prezidenti Vladimir Putinlə, ABŞ-ın İranla nüvə sazişindən çıxması məsələsini müzakirə edəcək.

Rohani “Şanxay əməkdaşlıq təşkilatı” nın Çində keçirilən sammiti çərçivəsində Putinlə görüşdən əvvəl deyib ki, bu iki dövlət, ABŞ-ın İranla nüvə sazişindən çıxmasını ciddi müzakirə etməlidir.

ABŞ prezidenti Donald Trump ötən ay birtərəfli qaydada İran və 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdı və bəyan elədi ki, Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa edəcək.

t Donald Trump

Rohani Tehranla Moskva arasındakı xüsusi münasibətləri alqışlayıb və qeyd edib ki, Rusiya həmin nüvə sazişinin reallaşmasında vacib və əməli rol oynayıb.

2015-ci ildə imzalanmış həmin sazişə görə İran nüvə proqramını dondurub, Qərb ölkələri isə əvəzində ona qarşı beynəlxalq sanksiyaları aradan qaldırıb.

Amma İranla nüvə sazişinə imza atan digər ölkələr – Britaniya, Fransa Rusiya, Çin və Almaniya bu razılaşmaya sadiq qaldıqlarını bildiriblər.

Buna da bax: İrana sanksiyalardan güzəşt istəyirlər