ABŞ prezidenti Donald Trump mayın 9-da Tehrana özünün nüvə proqramına yenidən başlamaması üçün xəbərdarlıq edib. Bundan bir gün əvvəl Trump, ABŞ-ın İranla dünyanın 6 gücü arasında 2015-ci ildə imzalanmış tarixi nüvə sazişindən çıxdığını bəyan edib.
Donald Trump deyib: "Mən İrana nüvə proqramına başlamamağı məsləhət görərdim. Bunu onlara çox güclü şəkildə məsləhət görərdim. Əgər onlar bunu etsələr çox sərt nəticələrlə qarşılaşacaqlar”.
***
Mayın 9-da İran ABŞ prezidenti Donald Trump-ın nüvə sazişindən çıxmaq qərarına qəzəbli reaksiya verib. İranlı deputatlar parlamentdə ABŞ bayrağını yandırıb, “Amerikaya ölüm!” şüarı səsləndiriblər.
Parlamentin spikeri Ali Larijani deyib ki, indi sazişin qorunmasına görə məsuliyyət Avropa Birliyinin, hələ də sazişdə qalan digər ölkələrin üzərinə düşür.
“Trump-ın nüvə sazişindən çıxması diplomatik şou idi… Hazırda İranın öhdəliklərinə əməl etmək məcburiyyəti yoxdur. Görünür, Trump yalnız güc dilini anlayır”, – Larijani mayın 9-da parlamentdə deyib.
İranın ali dini lideri Ali Khamenei Trump-ın “səhvə yol verdiyini” deyib.
Fransa isə bildirir ki, Birləşmiş Ştatların çıxmasına baxmayaraq, İranın nüvə sazişi “ölü deyil”.
Fransanın xarici işlər naziri Jean-Yves Le Drian mayın 9-da RTL radiosuna deyib ki, Trump-ın qərarından sonra “qarşıdurma riskləri realdır”.
Almaniyanın xarici işlər naziri Heiko Maas Berlinin sazişə sadiqdir. O, Tehranı razılaşma çərçivəsindəki öhdəliklərinə əməl etməyə çağırıb.
Ancaq Khamenei daha sərt danışıb, Trump-ın sözlərinin İran xalqına, teokratik hökumətə təhlükə yaratdığını vurğulayıb. Khamenei Trump-ın mayın 8-də etdiyi çıxışda “10 yalan” olduğunu deyib, ancaq detalları açıqlamayıb.
ALMANİYA, BRİTANİYADAN REAKSİYALAR
Almaniyanın kansleri Angela Merkel deyib ki, Birləşmiş Ştatların qərarı sülhün təminatı və münaqişələrin siyasi həllindən ötrü Avropanın məsuliyyətinin daha da artacağını göstərir.
Merkel-in deməsinə görə, Almaniya, Fransa və Britaniyanın sazişə əməl etmək öhdəliyi qalır.
Britaniyanın xarici işlər naziri Boris Johnson mayın 9-da parlamentdə söyləyib ki, Trump-ın İranın nüvə təhlükəsini birdəfəlik həll etmək istəməsilə problemi yoxdur, ancaq “sual budur: Birləşmiş Ştatlar bu hədəfə necə çatmağı təklif edir?”
Johnson-un sözlərinə görə, ölkəsinin sazişdən “çıxmaq niyyəti yoxdur” və London həmin sənədin İranın nüvə ambisiyalarını cilovladığına inanır.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın qərarından bərk narahatdır, bunu isə RIA xəbər agentliyi mayın 9-da Kremlin sözçüsünə istinadla yazıb.
BMT-nin nüvə agentliyinin rəhbəri də İranın sazişə əməl etdiyini bildirib.
Mayın 9-da yaydığı bəyanatda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano deyib ki, “agentlik İranın nüvə öhdəliklərini yerinə yetirdiyini təsdiqləyir”.
***
2015-ci ildə Tehranla nüvə sazişini imzalamış İran, Rusiya və Avropa ölkələri Birləşmiş Ştatların ondan çıxmaq qərarına baxmayaraq, sənədə əməl edəcəklərini deyirlər. ABŞ prezidenti Donald Trump administrasiyası isə bunu çətinləşdirəcəyini bildirib.
İran prezidenti Hassan Rohani deyib ki, diplomatlarına Çin, Rusiya, Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparmaq göstərişi verib. Diplomatlar bir neçə həftə ərzində İranın həmin ölkələrlə əməkdaşlıqdan fayda götürməsinin mümkünlüyünü araşdıracaqlar. Bu ölkələr sənədə sayqıyla yanaşmağa davam edəcəklərini bildiriblər.
“Sazişin onu imzalayan digər ölkələrdə əməkdaşlıq hədəflərini saxlaya bilsək, o yerində qalacaq”, – deyən Rohani həm də xəbərdarlıq edib ki, İran nüvə fəaliyyətini bərpa etməyə də hazırdır.
“PSİXOLOJİ MÜHARİBƏ”
Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Ancaq Birləşmiş Ştatların sənəddən çıxması İran iqtisadiyyatının faydalanmasını mümkünsüz edə bilər.
“Trump-a bu psixoloji müharibəni udmağa imkan verməyəcəyik”, – Rohani deyib.
Rusiya və Avropa ölkələri də sazişə əməl edəcəklərini deyiblər. Birləşmiş Ştatların Avropada aparıcı müttəfiqləri Vaşinqtonu sazişlə bağlı öhdəliklərinə ziyan vuracaq heç nə etməməyə çağırıb.
***Buna da bax: ABŞ İran nüvə sazişindən çıxır, Avropa etirazını bildirir
Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini İranı öhdəliklərinə sadiq qalmağa çağırıb. “Biz də öhdəliklərimizə sadiq qalacağıq, beynəlxalq ictimaiyyətin qalan hissəsi ilə birlikdə nüvə sazişini qoruyacağıq”, – o deyib.
Rusiyadan bir diplomat bildirib ki, İran sazişə əməl etdikcə, o qüvvədə qalacaq. BMT-nin baş katibi Antonio Guterres isə bütün ölkələri sazişə “tam əməl etməyə” çağırıb, onu “böyük uğur” adlandırıb.
Britaniya, Fransa və Almaniya birgə bəyanat yayaraq Birləşmiş Ştatları “sazişin strukturunun toxunulmazlığını təmin etməyə, sazişin digər tərəflərinin onu tam icra etməsini əngəlləyəcək addımlar atmamağa” səsləyiblər.
Ancaq ABŞ rəsmilərinin deməsinə görə, Avropa ölkələrinin İranla biznesə davam etmək cəhdlərini önləyəcək tədbirlər üzərində işləyirlər.
ŞİRKƏTLƏRLƏ BAĞLI ADDIMLAR
Bu arada ABŞ-ın maliyyə naziri Steve Mnuchin deyib ki, İrana təkcə Birləşmiş Ştatların Boeing şirkətinin sərnişin təyyarəsi satması üçün lisenziyaları ləğv etmir. Eyni addım Avropanın Airbus şirkətiylə bağlı da atılır.
IranAir 200 sərnişin təyyarəsi sifariş verib – 100-nü Airbus-dan, 80-ni Boeing-dəm, 20-ni Fransa-İtaliya şirkəti olan ATR-dən almağı planlaşdırır. Ancaq bu sövdələşmələrin hamısına ABŞ lisenziya verməlidir, çünki kommersiya təyyarələrində də Amerikada hazırlanmış ehtiyat hissələri istifadə olunur.
Xəzinədarlıq həmçinin İranla işləyən digər şirkətlərə də mövcud kontraktların dayandırılması üçün 90-180 gün vaxt verib. Bu göstərişin General Electric, Volkswagen, Total, Peugeot Citroen, British Airways, Accor və Lufthansa kimi qlobal şirkətlərə də təsir göstərəcəyi gözlənir.
***Buna da bax: ABŞ-ın İranla sazişdən çıxmasına ekspertlər nə deyirlər?
Birləşmiş Ştatların Almaniyaya yeni təyin olunmuş səfiri Richard Grenell Twitter-də yazdığı postda İranla işləyən alman şirkətlərinə məsləhət görüb ki, “əməliyyatları dərhal dayandırsınlar”.
Almaniya İranın ən böyük ticarət tərəfdaşlarındandır. 2016-cı ildə Almaniya İrana 2,6 milyard avro həcmində ixrac gerçəkləşdirib ki, bu da bir il öncəkindən 26 faiz çoxdur.
Trump Birləşmiş Ştatların sazişdən çıxdığını, Tehrana “ən yüksək iqtisadi sanksiyalar” rejiminin bərpa olunacağını bildirib.