Lerik və Şabran ərazisində yanğınlar söndürülüb, Astara və Lənkəranda davam edir

Arxiv fotosu

Dünən martın 24-də Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş verən yanğının saat 22-50 radələrində söndürüldüyü bildirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın onların və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının səyləri nəticəsində söndürülüb.

“Yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib”, - məlumatda vurğulanır.

Buna da bax: Lerikdə və Şabranda yanğın

Habelə, Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında da baş verən yanğının da gecə saat 24 radələrində tam söndürüldüyü açıqlanıb.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb”, - məlumatda yazılır.

* * *

Astara və Lənkəran ərazisində də yanğın

Dünən, martın 24-də Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb. Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri , yerli əhali cəlb edilib”, – məlumatda vurğulanır.

Nazirlik bildirir ki, səhər saatlarından külək zəifləyib, yağış yağmağa başlayıb.

FİN-in məlumatında Lerik rayonunun da dağlıq ərazisində yanğın baş verdiyi qeyd edilir. Ancaq martın 25-də səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirmişdi ki, Lerik rayonun dağlıq ərazisində baş verən yanğın söndürülüb.

Xatırlatma

Martın 24-də axşam saatlarında Lerik və Şabran rayonlarının qeyd edilən ərazilərində yanğın baş verməsi ilə bağlı məlumat yayılmışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirirdi ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb.