Reuters: Azərbaycanın OPEC-ə üzvlüyü müzakirə edilir

Prezident İlham Əliyev Mohammad Barkindo-nun nümayəndə heyətini qəbul edib, 18 mart, 2018-ci il

Neft İxrac Edən Ölkələrin Təşkilatı – OPEC və Azərbaycan əməkdaşlığın dərinləşdirilməsini, Azərbaycanın quruma mümkün üzvlüyünü müzakirə edirlər. Bunu “Reuters” informasiya agentliyi dünən – martın 19-da məsələylə tanış iki mənbəyə istinadla yazıb.

Azərbaycan digər qeyri- OPEC ölkələri və OPEC-lə birlikdə gündəlik hasilatı 1,8 milyon barel azaldır. Məqsəd neft bazalarını sabitləşdirmək, neftin qiymətini qaldırmaqdır.

Bu sövdələşmə bu ilin sonunadək qüvvədə olacaq.

3 VARİANT

OPEC-in baş katibi Mohammad Barkindo martın 17-19-da Bakıda olub, Azərbaycan prezidenti İlham Əliyev, enerji naziri Pərviz Şahbazovla görüşüb.

*** Buna da bax: OPEC Bakıda toplana bilər

Barkindo və enerji naziri Azərbaycanla OPEC arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib”, – mənbələrdən biri agentliyə deyib.

Üç variant var. Birincisi – OPEC üzvlüyü, ikincisi – assosiativ üzvlük, üçüncüsü – əməkdaşlığı indiki kimi davam etdirmək”, – mənbə bildirib.

Agentlik OPEC-in Vyanadakı qərargahından məsələyə şərh ala bilməyib. Azərbaycanın Enerji Nazirliyi də dərhal şərh verməyib.

Bakıda martın 19-da keçirilən brifinqdə isə Barkindo deyib ki, OPEC-lə Azərbaycan münasibətlərin təkmilləşdirilməsi barədə düşünürlər.

Üzvlük daxil olmaqla, bütün variantlar nəzərdən keçirilir”, – ikinci mənbə “Reuters”ə deyib.

Fevralda Azərbaycanın gündəlik neft hasilatı 806 min barel olub, yanvarda isə 814 min barel idi.

*** Buna da bax: ABŞ neft hasilatında Rusiyanı üstələyir

Xatırlatma

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Azərbaycanın da qoşulduğu bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.